Şimali Koreyadan Rusiyaya silah tədarükü ilə əlaqəli altı rus müəssisəsinə qarşı maliyyə sanksiyaları tətbiq edilir
Avstraliya hakimiyyəti Moskva və Pxenyan arasında hərbi-texniki əməkdaşlıqda iştirak etdiyi iddia olunan Rusiya müəssisələrinə qarşı növbəti sanksiyalar paketinin tətbiqini elan edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penni Vonq müvafiq bəyanatla çıxış edib.
Nazir bildirib ki, ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da qeyd edildiyi kimi, Şimali Koreyadan Rusiyaya silah tədarükü ilə əlaqəli altı rus müəssisəsinə qarşı məqsədyönlü maliyyə sanksiyaları tətbiq edilir.
“Avstraliya Rusiyanın Ukraynaya qarşı müharibə zamanı Şimali Koreyadan ballistik raketlərin qeyri-qanuni ixracını, almasını və istifadəsini ən sərt şəkildə pisləyir”, - bəyanatda qeyd olunub.
Avstraliya Daxili İşlər Nazirliyi sanksiya siyahısına digərləri ilə yanaşı, əvvəllər Aİ sanksiyalarına məruz qalan “Eastern Stevedoring Company” MMC, “Marine Trans Shipping” MMC, “M Leasing” MMC və “Sovfracht JSC”nin də daxil olduğunu bildirib.