Müğənninin evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb
Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb. AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, müğənninin Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb:
“Müğənniyə ehtiram əlaməti olaraq Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin üzvü Tural Zeynalov tərəfindən evinin onlayn bərpası hazırlanıb.
Şuşa şəhərində olan 850-dən çox tarix və mədəniyyət abidələrinin layihə-smeta sənədləri hazırlanıb, abidələrə dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanaraq, dövlət qrumlarına təqdim ediləcək”.
Qeyd edək ki, Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov – red.) Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq artisti olub.