“Niyə Tramp həmişə hər məsələdə Amerikanı günahlandırır?”
ABŞ Prezidenti Co Bayden siyasi rəqibi, keçmiş Prezident Donald Trampı NATO ilə bağlı açıqlamalarına və Rusiyanın həbsxanada ölən müxalifət lideri Aleksey Navalnı barədə sözlərinə görə tənqid edib. AYNA xəbər verir ki, ABŞ lideri bu barədə “X” sosial şəbəkə hesabında video yerləşdirib.
Bayden Trampın Vaşinqtonun Rusiyadan mümkün təhlükə halında “maliyyəsini ödəməmiş” müttəfiqlərini müdafiə etməməsi ilə bağlı sözlərini “təhlükəli” adlandırıb. Prezidentin fikrincə, prezidentliyə namizədin bu cür bəyanatları “pis davranışa təkan verir”.
Bundan əlavə, Navalnının ölümü ilə bağlı Trampın “ABŞ-ın tutduğu dağıdıcı yol” haqqında dediklərini Bayden ağılasığmaz adlandırıb.
“Niyə Tramp həmişə hər məsələdə Amerikanı günahlandırır?”, - deyə Prezident sual edib.
Prezident həmçinin bəyan edib ki, sabiq Prezidentin ABŞ Nümayəndələr Palatasındakı tərəfdarları Ukraynaya dəstək üçün əlavə maliyyə ayrılması haqqında qanun layihəsini təsdiqləməlidirlər.
Qeyd edək ki, Tramp daha əvvəl deyib ki, Vaşinqton “maliyyəsini ödəməmiş” NATO müttəfiqlərini müdafiə etməməlidir. Sabiq Prezident həmçinin Navalnının ölümündən sonra “ABŞ-ın dağıdıcı yolu” barədə düşünməyə çağırıb.