Sürücülər tərəfindən törədilən yol hərəkəti qaydaları pozuntularının sayı artıb
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarədən AYNA-ya daxil olan müraciətdə bildirilib ki, son günlər koronavirus (COVID-19) infeksiyasına yoluxan insanların sayının azalması və respublika ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması ötən günlərlə müqayisədə yollarda hərəkətdə olan nəqliyyat vasitələrinin, eyni zamanda, sürücülər tərəfindən törədilən yol hərəkəti qaydaları pozuntularının sayının artmasına təsir edib.
Belə ki, respublika ərazisində gün ərzində ümumilikdə 11-12 min fakt (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə elektron formada qeydə alınan 6-7 min fakt) yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın aşkarlanması, dövlət yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsinə baxmayaraq, ağır yol-nəqliyyat hadisələrinin də baş vermə riskini artırır.
Baş Dövlət Yol Polisi İdarəsi bunları nəzərə alaraq, bütün sürücülərdən özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün intizamlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi bir daha xahiş edir.