Bakıda Albert Aqarunovun heykəli qoyulub

Xəbərlər

03.09.2019 - 16:52

Heykəl onun adına olan küçədə ucaldılıb

 

Bakıda Azərbaycanın Milli Qəhrəmanının şərəfinə abidə ucaldılıb. AYNA xəbər verir ki, Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub.

 

Heykəl onun adına olan küçədə ucaldılıb. Abidə artıq hazırdır və yaxın zamanlarda açılışı gözlənilir.

 

A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən, 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb.

 

O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı sıradan çıxarıb.

 

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayperdən açılan atəş nəticəsində həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

 

Qeyd edək ki, bu il şəhidin 50 illik yubileyidir.

Müəllif: Ayna.az