“Həyat əvvəlki kimi davam edir, uşaqlar məktəbə gedir, gərginlik yoxdur, sakitlikdir”
“Bilirəm ki, Rusiya sərhədçiləri öz texnikalarını toplayırlar”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Sünik (Qafan) rayonunun Nerkin Hand kəndinin rəhbəri Xaçatur Baqdasaryan deyib.
Kənd rəhbəri deyib ki, rus sərhədçilərinin çıxması camaat üçün təhlükəsizlik problemi yaratmayacaq: “Bizim üçün nə etdilər ki, indi təhlükəsizlik problemi yaransın? Özümüzün hərbçilərimiz sərhədlərimizi qoruyur. Bundan sonra nə olacağını bilmirəm, amma onsuz da ruslar bizə yaxşılıq etmirdilər. Müharibə zamanı heç bir məsələdə bizə kömək etmədilər”.
“Hər halda həyat əvvəlki kimi davam edir. Uşaqlar məktəbə gedir, gərginlik yoxdur, sakitlikdir”, o, əlavə edib.
Baqdasaryan İrəvandakı hadisələri izlədiyini də bəyan edib: “Daha çox sual verməyə ehtiyac yoxdur, bu barədə danışmayacağam”.
Xatırladaq ki, mayın 8-də Ermənistan və Rusiya liderlərinin görüşündən sonra Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılmasına dair razılıq əldə olunub. Rusiya tərəfinin məlumatına görə, İrəvanın tələbi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaq.
Rusiya sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən, eləcə də İrəvan Zvartnots hava limanından çıxarılacağı gözlənilir.