Bakıda karantinlə bağlı <font color=red> REYD</font>

Cəmiyyət

07.07.2020 - 12:53

Polis paytaxtda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirləri keçirir

 

Daxili işlər orqanlarının əməkdaşları COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tədbirlər keçirirlər. Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən xəbərə görə, koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlarda, o cümlədən iri supermarketlər şəbəkələrində gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərində, küçə və yollarında, böyük marketlərdə ciddi yoxlamalar aparılır. Polis əməkdaşları tərəfindən vətəndaşlar saxlanılır və onların müvafiq sənədləri yoxlanılır. Polis əməkdaşları sakinlərin daha sıx toplaşdıqları, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparır, sanitar rejimin tələblərini, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyini vətəndaşlara izah edirlər.

 

Vətəndaşların diqqətinə çatdırılır ki, koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələri vacibdir.

 

Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən vətəndaşlar aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

 

Polis əməkdaşları fərdi evlərdən və mənzillərdən çıxışa yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verildiyini də vətəndaşlara izah edirlər.

 

Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq olunur.

 

Xatırladaq ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il iyulun 5-i iyul saat 06:00-dan iyulun 20-si saat 06:00-dək uzadılıb.

Müəllif: Ayna.az