“Azərişıq” ASC-nin əməkdaşları güllələnib

Hadisə

26.05.2020 - 19:01

Hadisə Masallı rayonunun Yeddioymaq kəndində baş verib

 

Masallı rayonunda güllələnmə hadisəsi baş verib. AYNA-nın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə zamanı “Azərişıq” ASC-nin 3 əməkdaşı güllələnib.

 

İnsident rayonun Yeddioymaq kəndində baş verib. Kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənilməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişıq"ın əməkdaşlarına atəş açıb.

 

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. ASC-nin 1983-cü il təvəllüdlü əməkdaşı, Masallı sakini Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Müəllif: Ayna.az