Azərbaycanlı dünya çempionu: “Bu, insanlığa yaraşmır” - FOTOLAR

İdman

16.01.2022 - 22:11

“Hər dəfə deyirdim ki, bu, sondur, artıq ailə həyatı quracağam, amma alınmırdı və belə-belə gəlib çıxdım bu yaşa” - Rövşən Xəlilov

Dekabrın 16-19-da Rusiyanın paytaxtı Moskva şəhərində Dünya Pauerliftinq Federasiyasının (WRPF) təşkilatçılığı ilə pauerliftinq idman növünün 3 növü üzrə (squad, benç-press və dedlift) dünya çempionatı keçirilib. Milli yığmamızın üzvü Rövşən Xəlilov 75 kq çəki dərəcəsində squad (ağırlığı oturub qaldırmaq), benç-press (ağırlığı sinə üzərinə qaldırmaq) və deadlift (ağırlığı yerdən qaldırmaq) üzrə - hər 3 hərəkətin cəmində 743,5 kq ağırlığı qaldıraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala layiq görülüb.

AYNA çempionumuzla həmsöhbət olub.

- Karantin qaydalarının ötən müddətdə yaşatdığı problemlərdən sonra dünya çempionu olmaq çətin olmadı?

- Karantin ən çox bizim idman sahəsinə təsir edib.Çünki bizim məşqlərimiz ancaq idman zalında ola bilər. Ağır çəkilər, ağır daşlar ilə nə küçədə, nə də adi ev şəraitində məşq etmək mümkündür.  Etiraf edim ki, şəxsən özüm 2020-ci ildə baş tutan yarışlara hazırlaşa bilmədim. Ancaq “Stronqmen” üzrə açıq hava şəritində keçirilən Azərbaycan çempionatında iştirak etdim. O yarışda da 80 kq çəki dərəcəsində ən güclü kişi idmançı olmağı bacardım. Hətta bu yarışda ötən illərdən qalan gücümüzü göstərmək üçün avtomobil də qaldırmalı olduq (gülür – T.X.).

- Bu gün idmanda vəziyyətimiz heç də ürəkaçan deyil. Çox idmançılar əvvəlki titullarını qoruyub saxlaya bilmirlər. Amma siz əksinə, yeni uğurlar qazana bilirsiniz. Bunun sirri nədədir?

- Mən deməzdim ki, idmançılarımız zəyifləyib. Elə idmançılarımız var ki, öz idman növlərində yenə də öz sözlərini deyirlər. Hər birinin uğuruna sevinirəm. Mənə qaldıqda isə mənim arzularım var və mən arzularımın arxası ilə hər çətinliyə dözmək məcburiyyətindəyəm. Təbii ki, dözürəm. Uğurun sirri ancaq və ancaq dayanmamaqdır. “Yola davam” deyərək ancaq irəli.

- Sonuncu dünya çempionatında dünya rekordu qırmısınız. Bu rekordu qırmaq üçün nə qədər məşq etmək lazım idi? Yoxsa bu dəfə də ötən illərdən qalan gücünüz hesabına çempion oldunuz?

- 2019-cu ildə də mən bir yarışda 3 dünya rekorduna imza atmışdım. Sonra pandemiyaya görə 2020-ci ildə beynəlxalq yarışlara qatıla bilmədim və mənim rekordlarımın iksini digər dövlətlərin idmançıları yenilədi. Mən də bu il üçün yenidən böyük əzmkarlıqla məşqlər edərək bir gündə öz çəkimdə 4 dünya rekordunu təzələdim. Allahıma çox şükürlər olsun. Şəxsi məşqçim Azər Mustafayevə də xüsusi təşəkkürlər. Şükürlər olsun ki, biz bunu bacardıq.

- Ağır atletika çətin idman növlərindəndir. Fəsadları varmı? Axı özünüzdən 2-3 dəfə ağır daşları qaldırırsınız…

- Fikrimcə, heç bir idman növü asan deyil. Asan olsaydı, hər bir idmançı böyük uğurlar qazanardı. Bizim idman növü də ağır sahədir. Çətinliklər, ağır zədələr almaq mümkündür.  Məşq və yarışlarda ciddi zədə almaq və idmançının həyatı üçün təhlükəli anlar ola bilər. Amma qorxuya qalib gəlmək idmançı üçün böyük bir qələbədir.

- Adətən güclü idmançıları başqa dövlətlərin milli komandaları öz milli yığmalarına cəlb etməyə çalışır. Sizə belə təkliflər gəlirmi?

- Mən Azərbaycanımızı, bayrağımızı çox sevirəm. Geyimlərimin 90 faizində Azərbaycanın adı, gerbimiz və bayrağımız var. Mən hansı ölkəyə getsəm də, bir meçə gündən sonra vətənim üçün darıxıram. Təkliflər təbii ki, olur. Mən qərar verib gedə bilmərəm. Başqa ölkədə uzun müddət yaşaya bilmərəm.

- Sizin idman növündə istənilən insan güclü məşq əsasında rekordları qıra bilər?

- Bizim çox istedadlı, güclü yeniyetmə və gənc idmançılarımız var. Sadəcə rekordları yeniləmələri üçün illərlə məşq edib, çox sayda yarışlarda iştirak edərək çoxlu təcrübə toplamalıdırlar. Bir sözlə, dayanmamalıdırlar.

- Qarşınızdakı yeni hədəfiniz nədir?

- Şükürlər olsun ki, bir çox idmançıların arzuladığı pilləyə çatmışam. Dünya çempionu adını da qazandım, rekordları da yenilədim. İndi bir az istirahət edib ailə qurmağı düşünürəm. İnanıram ki, ailə quracağım xanım məni həm idman sahəsində, həm də karyeramda dəstəkləyəcək və mənimlə fəxr edəcək. Hər güclü kişinin yanında ağıllı bir xanımı olmalıdır. İş karyeramda uğurlar əldə etmək istəyirəm. Bir də okeanın o biri tərəfindən böyük turnirlərə pro idmançı kimi dəvət gəlsə, böyük məmnuniyyətlə qatılaram.

- Peşəkar idman idmançıya uğur gətirir. Bəs onun həyatından nələri alır?

- Ailəmdən uzaq düşmüşəm, uzun zamandır ev yeməkləri yeyə bilmirəm, çəkimə görə dostlarım kimi ürəkdən yemək yeyə bilmirəm, sevdiyim insanlara zaman ayıra bilmirəm, ömrüm milli yığmalarda və yarışlarda keçir. Hər yarışda deyirdim ki, bu, sondur, geri dönüb ailə həyatı quracam. Yarışdan gələndə başqa yarışa hazırlıq başlayırdı və ailə qurmaq sonrakı plana keçirdi. Belə-belə 31 yaşa gəlib çıxdım. Amma heç də peşman deyiləm. Çəkdiyim zəhmətin bəhrəsini görürəm.

- Bir idmançı kimi sizi nə əsəbləşdirə bilər?

- Haqsızlıq, uğurlarımın heçə sayılması və ya kiçildilməsi məni əsəbləşdirə bilər. Qazandığım nəticələrə görə dəyər görməyəndə çox əsəbləşə bilərəm. Bir uğur qazanana dəstək olmamaq, dəyər verməmək insanlığa yaraşmır.

- Bu gün qazandığınız uğurlar laiqincə dəyərləndirilirmi?

- Çalışdığım Fövqəladə Hallar Nazirliyi kollektivi tərəfindən həmişə çox gözəl diqqət və qayğı görmüşəm. Müəllimlərimdən, dostlarımdan həmişə dəyər görmüşəm. Bu gün Azərbaycan Respublikasının idman ustasıyam. Bir idmançı, dünya çempionu kimi arzum isə cənab Prezident İlham Əliyev tərəfindən fəxri fərmanla təltif olunmaq və Prezidentlə görüşməkdir. İnşallah ki, bu arzuma da çataram.

Müəllif: Təranə Xudabaxşiyeva