Milli komandamız dünya çempionatına hazırlaşır

İdman

07.08.2019 - 19:05

Yeniyetmə və gənc karateçilərimiz 14-15 sentyabrda Budapeştdə beynəlxalq turnirə yollanacaq

 

Bakıda, Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə Yaponiya, Iran, Rusiya, Qazaxıstan, Gurcustan, Çexiya və Türkmənistandan milli komanda və klub idmançılarının iştirakı ilə təlim-məşqlər təşkil olunub. 

 

Karate Federasiyasından AYNA-ya verilən məlumata görə, yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə beynəlxalq hazırlıq məşqləri 10 avqustadək davam edəcək.

 

14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclərin qatıldığı təlim-məşqlərdə Avropa, Asiya ve Dünya çempionları kimi titullu idmançılar iştirak edir. Dünya şöhrətli karateçimiz Rafael Ağayev də beynəlxalq təlim-məşq iştirakçıları ilə bir yerdə məşq keçib. 

 

Milli komandamızı oktyabrda Çilidə Dünya çempionatı gözləyir. Ona qədər isə yeniyetmə və gənc karateçilərimiz 14-15 sentyabrda Budapeştdə beynəlxalq turnirə yollanacaq. 

Müəllif: Ayna.az