“Azərbaycanın təhlükəsizlik sərhədləri dövlət sərhədlərini aşır” – Sabiq nazir müavini

Aktual

21.10.2021 - 10:24

Sülhəddin Əkbər: “Türkiyə, Pakistan, İsrail kimi terrorla mübarizədə ixtisaslaşmış dövlətlərin təhlükəsizlik orqanları bizə kömək edə bilər”

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bəzi dairələri narahat edib. Xüsusən də region ölkələrindən Rusiya və İranın narahatlığı özünü açıq şəkildə göstərməkdədir. Azərbaycanın 44 günlük müharibədə ərazilərini Ermənistan işğalından azad etməsi qonşularımıza pis təsir edib desək, yəqin ki, yanılmarıq. Postmünaqişə dövrünün tələblərinə uyğun siyasət quran Azərbaycana qarşı bəlli dairələrdən təzyiqlər, hətta təhdidlər güclənir.

Şimal qonşumuz tərəfindən təhdid siyasəti o qədər qabarıq görünməsə də, cənub qonşumuzun təhdidləri açıq-aşkar hiss olunmaqdadır. Azərbaycanın ərazi bütövlüyünün bərpasını, ümumiyyətlə, müstəqilliyini sinirə bilməyən İrandan ölkəmizə təhdidlər artan xətlə inkişaf edir. İstər İran rəsmiləri tərəfindən, istərsə də qeyri-rəsmi şəxslər tərəfindən Azərbaycana yönəlik bəyanatlar aqressiyanın göstəricisidir. Eyni zamanda, həmin qüvvələrin Azərbaycandakı uzantıları, agent şəbəkəsi də fəallaşmaqdadır.

Təbii ki, gedən proseslər, artan təhdidlər Azərbaycanın təhlükəsizliyinin təmini məsələsini gündəmə gətirir. Mütəxəssislər hazırkı dövrdə təhlükəsizliyin təminatçısı olan hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığını daha da artırmalı olduğu qənaətindədirlər.

Təhlükəsizlik orqanları təhdidlərə, yeni çağırışlara qarşı hansı addımları atmalıdır? Ölkəmizi sevməyən qüvvələrin buradakı uzantısı olduğu ehtimal edilən şəxslərə qarşı hansı davranış nümayiş edilməlidir?

AYNA-nın mövzu ilə bağlı suallarını, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində vaxtilə nazirin birinci müavini olmuş, Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər cavablandırıb:

- Ümumiyyətlə, təhlükəsizlik bölünməz anlayışdır. Daxili və xarici təhlükəsizlik anlayışları bölgüsü səthidir. Çünki ölkənin milli təhlükəsizliyi bütövdür, daxili və xarici təhlükəsizlik bir-biri ilə sıx bağlıdır. Azərbaycana yönəlik xarici təhdidlər hər zaman əsasən Rusiya və Ermənistandan, həmçinin qismən İrandan qaynaqlanıb. İkinci Qarabağ müharibəsindən sonra İrandan gələn təhdidlər daha çox aktuallaşdı. İrandan qaynaqlanan təhdid aktuallaşmağa meyilli olan potensial təhdid idi. Biz gözləyirdik ki, vəziyyətin dəyişməsi ilə Tehranın təhdidləri aktuallaşa bilər - necə ki, hazırda biz bunun şahidiyik. Hazırda Azərbaycan iki istiqamətdə xarici təhdidlə üz-üzədir. Bu təhdidlər də müxtəlif intensivlikdədir. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra düşmən Ermənistan təslimçilik aktına qol çəkib. Bununla da, Ermənistandan qaynaqlanan təhdidin səviyyəsi zəifləyib. Rusiyaqaynaqlı təhdid də qismən aşağı düşüb. Bunun səbəbləri var. Bir tərəfdən Rusiya “sülhməramlı” qüvvələrini Qarabağa yerləşdirməklə maraqlarının indiki məqamda təmin olduğunu düşünür. Eyni zamanda, Türkiyənin regiona daxil olması faktoru var ki, bu da Rusiyanı neytrallaşdıran amildir.

- Və İran qaynaqlı təhdid...

- Bəli. İran qaynaqlı təhdid hələlik yeni aktullaşan təhdiddir. Bu təhdid hələlik adekvat cavabını almayıb. Azərbaycan tərəfindən Tehrandan gələn təhdidlərə ritorik cavablar verilir. İranın davranışları, ona verilən cavablar hələlik ritorik səviyyədədir.

- Eyni zamanda, daxili təhdidlərin də şahidi oluruq...

- Daxili təhdidlərlə bağlı hesab edirəm ki, burada xarici qüvvələrin daxildəki uzantılarına diqqət etməliyik – “beşinci kolon”lara. Buraya hər iki ölkənin – Rusiya və İranın Azərbaycandakı agentura şəbəkəsi, təsir agentləri, Rusiya, İran  və Ermənistana meylli qüvvələr aiddir. Azərbaycan öz milli təhlükəsizliyini nəzarətdə saxlamaq və təmin etmək üçün xarici təhdidlərə cavab verməklə yanaşı, onların daxildəki uzantılarına da nəzarəti gücləndirməlidir. Effektiv qabaqlayıcı tədbirlər görülməlidir.

- Buraya hansı tədbirlər daxildir?

- Təklif edirəm ki, Azərbaycan preventiv, önləyici aktiv təhlükəsizlik siyasəti aparsın. Bu sahədə aparılan siyasət aktivləşir. İran təhdidlərinə verilən adekvat cavablar da bunu göstərir. Eyni zamanda, Azərbaycan Türkiyə kimi güclü, strateji müttəfiqdən istifadə etməlidir. Bununla yanaşı, Pakistan, İsrail, Böyük Britaniya, ABŞ, NATO kimi təbii və potensial müttəfiqlərdən də yardım ala bilər – xüsusən də, Rusiya və İranın təhdidlərinə qarşı. Təhlükəsizlik və kəşfiyyat sahəsində bu dövlətlərlə informasiya mübadiləsi yeni səviyyəyə qaldırılmalıdır.

Təbii ki, üçüncü istiqamət xarici siyasət istiqamətində atılmalıdır. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbədən sonra dünyada və regiondakı vəziyyəti nəzərə almalı, bu savaşda bizə dəstək verən qüvvələrlə münasibətləri yüksək səviyyəyə qaldırmalıdır. Eyni zamanda, ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalamaq olar, Böyük Britaniya ilə strateji tərəfdaşlıq sazişi imzalaya bilərik. İsraillə strateji əməkdaşlıq haqqında saziş imzalayıb, bu ölkədə səfirliyimizi açmalıyıq. 2010-cu ildə Türkiyə ilə imzalanan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Sazişi Pakistanla da imzalamaq lazımdır. Bununla yanaşı, Avropa Birliyi və NATO ilə münasibətlər yeni səviyyəyə qaldırılmalıdır. Bu addımlar atılarsa, Azərbaycan öz təhlükəsizliyini daha effektiv təmin edə bilər.

- Azərbaycanda müəyyən şəxslər var ki, onlar hansısa ölkənin agenti olmaqda şübhəli bilinirlər. Kobud desək, ayrı-ayrı şəxslər barəsində “filankəs filan ölkənin agentidir”, “filankəs filan ölkəyə işləyir” kimi ifadələrlə adamlar şübhəli göstərilir. Bəzən bu fikirlər üçün kifayət qədər əsaslar da olur. Sizcə, belə adamlarla təhlükəsizlik orqanları necə davranmalıdır?

- Azərbaycanın kəşfiyyat və təhlükəsizlik orqanları var və onlar fəaliyyət göstərir. Konkret desək, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti öz işlərini görür. Bundan başqa, hərbi və hərbi əks-kəşfiyyat mövcuddur. Digər qurumların da kəşfiyyat orqanları var. Məsələn, maliyyə kəşfiyyatı ilə, ictimai təhlükəsizliklə məşğul olan qüvvələr mövcuddur. Əvvəla, Azərbaycanda real Milli Təhlükəsizlik Şurası yaradılmalıdır. İndi adı olan Milli Təhlükəsizlik Şurası formal xarakter daşıyır. Bu, funksional, işlək, davamlı, effektiv və səmərəli fəaliyyət göstərən qurum olmalıdır. Bu Şura effektiv fəaliyyət göstərməsə, təhlükəsizliklə bağlı olan qurumların fəaliyyətinin əlaqələndirilməsi mümkün olmayacaq. Ölkənin təhlükəsizlik sistemi bir mərkəzdən idarə olunmaqla effektiv fəaliyyətə keçilməlidir.

Bilirsiniz, bu orqanlar məxfi fəaliyyət göstərir və onlar öz işlərini bilirlər. Onlara kənardan, publik şəkildə məsləhət vermək o qədər də doğru olmazdı. Bu işlər kimləri hansısa ölkənin agenti kimi qələmə verməklə olmur. Ola bilər ki, bəzi siyasətçilərimiz, jurnalistlərimiz diqqətləri kimlərinsə üzərinə çəkmək üçün “filankəs filan ölkənin agentidir” deyir. Amma Azərbaycanın təhlükəsizlik sistemi bu məsələlərlə peşəkarcasına çalışmalıdır. Bu iş ilk növbədə ciddiyyət tələb edir. Təbii ki, xarici ölkələrin daxildəki agentura şəbəkəsinə qarşı kəşfiyyat orqanları səmərəli işləməlidir. Bir sözlə, bu, dövlət siyasətidir və koordinasiyalı fəaliyyət olmalıdır. Bu siyasəti dövlət başçısı və onun rəhbəri olduğu Milli Təhlükəsizlik Şurası koordinasiya etməlidir.

- Azərbaycana qarşı təhdidlər daxildə real təhlükələrə gətirib çıxara bilərmi?

- Ümumiyyətlə, bu cür xoşagəlməz hadisələrdən hətta ən inkişaf etmiş dövlətlər də sığortalanmayıb. Siz görürsünüz ki, kəşfiyyat və təhlükəsizlik qüvvələri çox inkişaf etmiş ölkələrdə belə, zaman-zaman terror aktları törədilir. Ona görə dedim ki, preventiv, önləyici tədbirlər siyasətinə üstünlük verilməlidir. Bizim dövlət sərhədlərimizin haradan keçdiyi bəllidir. Əgər təhlükəsizliyimizi dövlət sərhədləri içərisində qorumağa çalışılarsa, bu, düzgün deyil. Bizim təhlükəsizliyimizin sərhədləri Azərbaycana yönəlik mənbələrdən, mərkəzlərdən keçir. Təhlükəsizliyimizə xələl gətirmək istəyənlər harada qərar verirlərsə, təhlükəsizliyimizin sərhədləri də oradadır. Dünyanın qloballaşdığını nəzərə alsaq, bu cür məsələlərin öhdəsindən Azərbaycanın təkbaşına gəlməsi mümkün deyil. Ona görə də deyirəm ki, Azərbaycan etibarlı təhlükəsizlik təminatı verən beynəlxalq münasibətlər sistemi qurmalıdır ki, həmin sistem daxilində müdafiəsini və təhlükəsizliyini təmin edə bilsin. Azərbaycana Türkiyə, Pakistan, İsrail kimi terrorla mübarizədə ixtisaslaşmış dövlətlərin təhlükəsizlik orqanları kömək edə bilər. Təbii ki, biz ABŞ, Avropa Birliyi, NATO ilə münasibətlərimizi inkişaf etdirə bilsək, təhlükəsizliyimizi qorumaq imkanlarımız daha da çoxalar.

Milli Təhlükəsizlik Şurası fəaliyyətə keçməli, təhdidləri, təhlükələri sistemləşdirməli, az ehtimaldan çox ehtimala olan riskləri sıralamalı, təhdidləri, potensial təhlükələri, real təhlükələri müəyyənləşdirməlidir. Bundan sonra təhlükələrin hansına necə cavab veriləcəyi müəyyənləşdirilməlidir. Eyni zamanda, önləyici tədbirlərin görülə bilməsi üçün vaxtında kəşfiyyat məlumatları əldə etmək lazımdır. Əgər kəşfiyyat məlumatları zamanında əldə edilməsə, heç bir dövlət effektiv şəkildə terrorun qarşısını ala bilmir. Məsələn, bu sahədə İsrail ən sərt preventiv tədbir aparan ölkədir. Əgər İsrail kəşfiyyatı olan MOSSAD hansısa terror barədə vaxtında məlumat əldə edə bilməsə, ölkənin təhlükəsizlik sistemi bunun qarşısını çox çətinliklə alacaq, yaxud da ala bilməyəcək. Terrora qarşı mübarizədə prioritet kəşfiyyat məlumatlarının zamanında əldə edilməsidir.

Müəllif: Anar Bayramoğlu