“Azərbaycanda müxalifətə qoşulmaq istəyənlərin sayı sıfıra bərabərdir”

Siyasət

28.05.2024 - 10:25

Həkimlər Klinikalar SEO Xidməti

Sərdar Cəlaloğlu: “Hakim Yeni Azərbaycan Partiyası da daxil olmaqla, partiyalar ölkənin ictimai-siyasi həyatından çox kənardadırlar”

Ötən həftənin əvvəlində Azərbaycanda siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin və 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb.

Tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” qanundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər. Sonra siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər.

Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib. İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi qüvvənin belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını diqqətə çatdırıblar.

Sözügedən tədbirdə iştirak edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu təəssüratlarını AYNA ilə bölüşüb. ADP rəhbəri deyib ki, 4 il bundan qabaq, 2020-ci ildə iqtidarla milli məsələdə əməkdaşlıq etmək qərarı veriblər:

- Həmin vaxt bizim bu addımımızı hər cür yozanlar oldu, çirkin adlar qoydular, az qala “satqınlıq” dedilər. Amma 44 günlük Vətən müharibəsi milli məsələ idi və milli məsələdə iqtidar-müxalifət söhbətinin olmamalıdır, ola bilməz. İkinci Qarabağ müharibəsində siyasi qüvvələrin birliyi, iqtidar-müxalifət əməkdaşlığı qələbədə elə ciddi rol oynad ki, bu addımımızın nə qədər vacib, düzgün olduğu göründü. Demək istədiyim odur ki, uzun illər aradan sonra 2020-ci ildə iqtidar-müxalifət dialoqu baş tutdu və bu, səmərəli nəticə verdi.

Sonuncu tədbir isə Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqi məsələsinə həsr olunmuşdu. Prezident Adminstrasiyasının təşkil etdiyi, Siyasi partiyalarla iş və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə Ədliyyə Nazirliyinin, MSK-nın, Maliyyə Nazirliyinin, Hesablama Palatasının, Milli Məclisin rəsmiləri iştirak edirdilər. Onlar siyasi partiyaların həmin qurumlarla bağlı hissəsinə aydınlıq gətirildi. Sonra isə partiya rəhbərləri çıxış etdilər, təkliflərini səsləndirdilər.

Açığını deyim ki, son vaxtlar hakimiyyətin iqtidar-müxalifət münasibətlərini yeni müstəviyə qaldırmaq istəyi müşahidə edilir. Münasibətlərin inkişafı üçün həm iqtidar, həm də müxalifət tərəfindən müəyyən cəhdlər var və müəyyən irəliləyişlər də var.

- Söhbət hansı irəliləyişdən gedir?

- Məsələn, bu gün Ermənistanda və Gürcüstanda gedən siyasi proseslərə baxdıqda görürük ki, hər ikisində destabilizasiya var, müxalifət küçələrdədir. Heç kəsə sirr deyil ki, Ermənistanda Rusiya, Gürcüstanda isə Qərb müxalifəti dəstəkləyir. Yəni ki, bu ölkədə baş verənlər xarici dəstəyin nəticəsidir. Amma Azərbaycanda sabitlikdir, çünki Azərbaycan müxalifətinin heç bir xarici qüvvə ilə əlaqəsi yoxdur. Bunun özü də Azərbaycan müxalifətinin milli məsələlərdə, dövlət məsələlərində iqtidarla əməkdaşlığa hazır olduğunun sübutlarından biridir.

Həmin tədbirdə mən də, digər siyasi partiya rəhbərləri də çıxış etdi, çoxlu məsələlər qaldırıldı. Siyasi partiyalarla bağlı qəbul edilən yeni qanunun ilk nəticəsi o oldu ki, 30-a yaxın partiya özünü buraxdı. Əslində Azərbaycan kimi balaca bir ölkədə 56 siyasi partiyanın olması düzgün deyildi. Açığını deyim ki, bunun çoxpartiyalılığa qətiyyən dəxli yoxdur. Hələ bu gün də 26 partiya var ki, düşünürəm, bu da Azərbaycan üçün çoxdur. Ölkəmizdə maksimum 4-5 partiyaolmalıdır. Bu, kifayətdir. Qanunda elə kriteriyalar müəyyənləşdi ki, adı olub, özü olmayan partiyalar avtomatik sıradan çıxdılar. İkincisi, partiyalara ofis verildi, partiyalarla hakim qurumlar arasında sıx əlaqələr yarandı. Yəni ki, müsbət irəliləyiş oldu.

- Bu irəliləyiş partiyaları inkişaf etdirirmi?

- Partiyalara qarşı əvvəlki illərdə olan repressiv addımların indi olmamasına baxmayaraq,  hələ də partiyalaşma prosesində ciddi problem var. Etiraf edirəm ki, Azərbaycanda müxalifətə qoşulmaq istəyən vətəndaşların sayı sıfıra bərabərdir. Belə bir sual ortaya çıxır: niyə Azərbaycanda müxalifət ya radikaldır, ya da ondan radikallıq gözlənilir?! Bizdə elə bir vəziyyət yaranıb ki, işi olan insanlar, ziyalılar, millətinin, xalqının taleyini düşünən heç kəs siyasi partiyalara üz tutmur. İşi olmayan, hakimiyyətdən narazı olan, radikal əhvallı adamlar siyasi partiyalara gəlirlər. Belə olan halda, partiya hansı siyasi xətt tutur-tutsun, partiyada radikallıq əhvalı yaranır. Partiyaları bundan xilas etmək üçün, çoxlu ziyalılar, işi olan vətəndaşlar üzv olmalıdırlar. Yəni partiyalar sosial-iqtisadi narazılıq mərkəzinə çevrilməməlidir, əksinə, siyasi idealizmin mərkəzinə çevrilməlidir. Partiyanın məqsədi ölkənin siyasətini irəli aparmaqdır, sosial təminat nazirliyi funksiyasını yerinə yetirmək deyil. Bu baxımdan, partiyalar inkişaf edə bilmirlər. Bu da cəmiyyət üçün çox böyük təhlükədir.

- Hansı təhlükələri nəzərdə tutursunuz?

- Siyasi partiyaların inkişaf etməməsi ona gətirib çıxarır ki, vətəndaşlar ya dini radikal qüvvələrə meyl edirlər, ya da narkotika kimi, cinayətkarlığın başqa formaları kimi neqativlər sürətlə inkişaf edir. Əgər Azərbaycanda insanlar kütləvi sürətdə siyasi partiyalara üzv olsaydılar, nə indiki qədər narkomaniya müşahidə  olunardı, nə indiki qədər dini radikal qüvvələrə qoşulmalar olardı. Məsələ burasındadır ki, adamlar iddialarını bu və ya başqa formada ifadə etmək istəyirlər.

- Sizcə, niyə insanlar, ziyalılar, dediyiniz işi olan insanlar müxalif partiyalara üzv olmurlar, buna can atmırlar?

- Əvvəlki təcrübəyə əsasən, repressiv addımlar səbəbindən müxalifət partiyaları onların anlamında “qorxulu yerdir”. Həmçinin, müxalifət hər vəchlə o qədər nüfuzdan salınıb ki, sanki Azərbaycandakı bütün problemlərin günahı siyasi partiyalardadır. Düşünürəm ki, müxalifət partiyalarının sıraları genişlənməsə, ölkədə çox ciddi sosial neqativ hallar müşahidə olunacaq.

- Çıxış yolu nədir?

- Mən hakimiyyət nümayəndələri ilə keçirilən tədbirdə də bu məsələni qaldırdım. Düşünürəm ki, siyasi partiyaların dövlətin və cəmiyyətin həyatında iştirakına “yaşıl işıq” yandırılmalıdır. Bu gün Azərbaycanda partiyalar sanki mövcudluğunu qorumaq üçün ayaqda dayanırlar. Halbuki partiyalar ölkənin ictimai-siyasi həyatında o qədər mühüm yer tutmalıdırlar ki, dövlət, cəmiyyət inkişaf etsin. Bu inkişaf həm də partiyaların mövqeyindən asılı məsələdir. Təəssüf ki, hakim Yeni Azərbaycan Partiyası da daxil olmaqla, partiyalar ölkənin ictimai-siyasi həyatından çox kənardadırlar. Düşünürəm ki, bizim əsas məqsədlərimizdən bir bu problemi aradan qaldırmaq olmalıdır.  

Müəllif: Anar Bayramoğlu