Vətəndaşlar 685 bələdiyyəyə 8 min 71 bələdiyyə üzvü seçəcəklər
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. AYNA xəbər verir ki, vətəndaşlar 685 bələdiyyəyə 8 min 71 bələdiyyə üzvü seçəcəklər.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçicilər 5 846 məntəqədə səs verəcəklər. Ümumilikdə 118 seçki dairəsi hüdudları çərçivəsində 685 bələdiyyə var. 125 seçki dairəsindən 7-si tamamilə məcburi köçkün dairələridir ki, onlar bu seçkilərdə iştirak etmirlər.
5734 məntəqə daimi, 112 məntəqə isə müvəqqətidir. 5846 məntəqədə seçicilərin səs verməsi üçün bütün addımlar atılıb.
Seçkiləri 70 mindən çox yerli müşahidəçi izləyəcək. Belə ki, bu seçkilərdə 70 min 625 nəfər yerli müşahidəçi olacaq.
Seçkilərdə 16 min 92 nəfərin namizədliyi qeydə alınıb və onların adı seçki bülletenlərinə daxil edilib. Seçki bülleteninə daxil olan namizədlərdən 8 min 424 nəfəri siyasi partiya nümayəndəsidir. Ümumilikdə qeydə alınanların 31%-dən çoxu qadınlardır. Namizədlərin 82%-i isə ali təhsillidir. Eyni zamanda, namizədlərin təxminən 41%-i 21-35 yaş aralığındadır.