İki dövlət qurumu həşaratlara qarşı mübarizə tədbirləri həyata keçirir
İyun ayının sonlarında Azərbaycan ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran rayonunun lokal ərazilərində Asiya cəyirtkələrinin miqrasiyası müşahidə olunub. Qida Təhlükəsizliyi Agentliyindən AYNA-ya verilən xəbərə görə, çəyirtkələr ən çox Şabranın xəzər sahilində yerləşən 5 kəndə məxsus təsərrüfat sahələrinə yayılıb. Mühafizə tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları ilə birgə həmin ərazilərdə operativ mübarizə tədbirlərinə başlanılıb. Çəyirtkələrin kənd təsərrüfatı məhsullarına verə biləcəyi zərərin qarşısı alınıb.
Bu məqsədlə yaradılan xüsusi monitorinq qrupu çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazi müəyyənləşdirib. Aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində çəyirtkələrin kütləvi hissəsi məhv edilib.
Çəyirtkələrin Miqrasiyasına səbəb Dağıstan ərazisində güclü küləyin baş verməsi ehtimal olunduğundan mühafizə tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktub ünvanlanıb. Hazırda ərazilərdə fitosanitar müşahidələr aparılır, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir.
Qeyd edək ki,belə hal bir neçə il öncə də müşahidə olunub. Onu da bilidirək ki, bu həşəratlar gün ərzində sürü ilə 30 kilometrdən çox məsafəni qət edə bilir. 15-20 km/saat sürətlə hərəkət edərək, gündə 20 saat uçuş etmə qabiliyyətinə malikdirlər.