Türkiyə Parlamenti sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanun qəbul edib və diqqətlər ölkəmizə yönəlib
Türkiyə hakimiyyəti sosial şəbəkələrə nəzarət siyasətini daha da sərtləşdirir: bu ölkənin parlamenti sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı mübahisəli qanun layihəsini təsdiqlədi. Qanun layihəsi Türkiyədəki xarici sosial şəbəkələri, səlahiyyətlilərin tələbi ilə materialları 48 saat içində silməyə məcbur edir.
Mövcud qanun aprel ayında müzakirə edilmiş qanunun demək olar ki, eynisidir. Fərq, yalnız kontentin silinməsi və şirkətlərə cərimə tətbiqinin əlavə edilməsindəir.
Bununla yanaşı, sənəd Türkiyədən 1 milyondan çox istifadəçisi olan xarici sosial şəbəkələrin mütləq şəkildə bu ölkədə öz nümayəndələrinin olmasını, özü də bu nümayəndələrin Türkiyə vətəndaşları olmasını tələb edir. Qanun layihəsində deyilir ki, sosial şəbəkələrin rəhbərliyi ölkə səlahiyyətlilərinin xəbərdarlıq etdiyi kontenti 48 saat ərzində dəyişdirməli və ya silməlidir. Tələblərə əməl edilməməsi pul cərimələri, reklamların bloklanması və ya internet provayderlərinin translyasiya məhdudiyyətləri tətbiqini də nəzərdə tutur.
Beləliklə, parlament sosial şəbəkələrin sahiblərinin Türkiyədə ofis açmalarını istəyir və bu idarələrə rəhbərlik edən şəxsin mütləq şəkildə Türkiyə vətəndaşları olmasını tələb edir. Bu insanlar, qanun müəlliflərinin düşündüyü kimi, ölkə hakimiyyətinin tələbi ilə istənilməyən məzmunu silmək və sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarını aidiyyəti orqanlara vermək məcburiyyətindədirlər. Sosial şəbəkələrə bir sorğunun yerinə yetirilməsi üçün 48 saat veriləcək ki, şirkətlər tələbi yerinə yetirməsə, 4.4 milyon dollaradək cərimə ilə üzləşə bilərlər.
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz AYNA-ya şərhində deyib ki, Türkiyə ikili standartlarla bağlı bir sıra sosial şəbəkələrdə problem yaşayıb: “Yəqin ki, indi bu problem daha da ciddiləşib. Qanunun Türkiyə cəmiyyətinin müxtəlif sahələrinə və ölkənin beynəlxalq imicinə təsir edəcəyi gümanındayam. Xarici şirkətlər yerli qanunlara əməl edilməməsinə görə məsuliyyət daşıyacaq və birbaşa Türkiyədə ofis açmaqdan imtina edən sosial şəbəkələr məhdudlaşdırılacaq. Qeyd olunan qərarı biznes, rabitə və qərar qəbul edən şəxslərə çıxış baxımından uğurlu addım hesab etmək olar. Bundan sonra ölkədə ən böyük xarici şirkətlərin nümayəndəlikləri açılsa, şübhəsiz ki, Türkiyə bu təşkilatların nəhəng reklam gəlirlərinin bir hissəsinə sahib olacaq. Söhbət yüz milyonlarla dollardan gedir. Ancaq ifadə azadlığı, internet və məlumat azadlığı, xüsusən də bir innovasiya ekosisteminin və elektron ticarətin inkişafı kontekstində, sosial şəbəkələrdə "oturan" biznes və xidmətlər sektoru üçün problemlər yarana bilər. Bu istiamətdə ciddi risklər mümkündür”.
Ekspert xatırladıb ki, Türkiyədəki məmurlar, rəsmi dövlət adamları tərəfindən “WhatsApp” və “Telegram” kimi sürətli mesajlaşma proqramlarının istifadəsi qadağandır: “Bu məqsədlə yerli rəqəmsal proqramlara müraciət edirlər. "Sərhədsiz Reportyorlar" insan haqları təşkilatı bundan əvvəl rəsmi Ankaranın bu addımını pisləmişdi. Onların fikrincə, sosial media Türkiyədəki tənqidi jurnalistika üçün son sığınacaqdır. Son illərdə Türkiyədəki əksər xəbər media orqanları dövlət nəzarətinə keçib”.
Statistik hesabatlara görə, mövcud qanunu qəbul edilmədən belə, 2019-cu ilin sonuna qədər Türkiyə 400 mindən çox veb-sayta girişi bağlamışdı. Obyektiv məlumat axtarışında ölkə əhalisi sosial şəbəkələrdən fəal şəkildə istifadə etməyə başladı. Azərbaycanda da oxşar vəziyyət müşahidə olunur. Bundan əlavə, Türkiyədə baş verənlər fonunda oxşar təcrübənin ölkəmizdə istifadə edilməsi ehtimalı da var. Yerli millət vəkilləri nəinki qonşu ölkələrdə, hətta digər qitələrdə də baş verən bu cür təşəbbüslərə çox diqqətli yanaşırlar.
Bu ilin may ayında Milli Məclisin deputatları ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı sərəncamını ölkəmizdə sosial şəbəkələrə hücum üçün kart-blanş kimi qəbul və şərh etməyə başladılar. Sosial şəbəkələr ilə əlaqədar ABŞ-da bir qərarın qəbul edildiyini xatırladan millət vəkili Cavid Osmanov Azərbaycanda belə bir qanunun qəbul edilməsinin vaxtının gəlib çatdlğını bildirmişdi. Digər millət vəkilləri də onu dəstəkləmişdilər.
AYNA-ya danışan media hüququ mütəxəssisi Ələsgər Əhmədoğlu hesab edir ki, Türkiyədə qəbul edilən qanunundan sonra Azərbaycanda da bu cür düşüncələrin yeni dalğası baş qaldıra bilər. Əvvəllər ölkəmizdə də oxşar ifadələr səslənsə də, yerinə yetirilməmişdi. Buna baxmayaraq, 2017-ci ildə azərbaycanlı millət vəkilləri sosial şəbəkələrin fəaliyyətini və onlara girişi məhdudlaşdıran müxtəlif təşəbbüsləri qanuniləşdirdilər. Məsələn, həmin ilin mart ayında "İnformasiya, məlumatlandırma və məlumatın qorunması haqqında" qanuna bir fəsil əlavə edildi ki, bununla da çox sayda məhdudiyyət tətbiq edildi. Məhkəmə qərarı olmadan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən xəbər saytlarının bloklandığı xüsusilə yadda qaldı. Bu addımların davamı olaraq hazırda 60-dan çox resurs bloklanıb. Müdaxilənin başqa bir uğursuz cəhdi, ekspertə görə, cinayət məcəlləsinə yeni bir əlavədir.
“2017-ci ildə Cinayət Məcəlləsinə əlavə edilmiş 148-1-ci maddə anonim hesabları olan sosial mediada böhtan və təhqiri kriminallaşdırır və həbs cəzası da daxil olmaqla cəza tətbiq edir. Bundan əlavə, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun 3-cü maddəsində internet resurslarının kütləvi informasiya vasitələri hesab edildiyi bir müddəa da yer alır: İnternet resursları, o cümlədən sosial şəbəkələr də media orqanları olduğu qədər məsuliyyət daşıyır. Azərbaycan hökuməti ABŞ-ın illərdir etmək istədiklərindən daha sərt addımları atıb və bu sahə ciddi şəkildə tənzimlənir”, - Əhmədoğlu bildirib.
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevin AYNA-ya dediyinə görə, bir sıra ölkələr - Almaniya, ABŞ, Fransa müəyyən məhdudlaşdırıcı tədbirlər tətbiq edib: “İndi Türkiyə bu yolu tutub. Əslində, bütün bu normalar bir-birinə bənzəyir: ayrı-ayrı ölkələrdə qlobal şəbəkələrin qeydiyyata alınmasını tələb edirlər ki, onlar müəyyən şəkildə milli qanunlara tabe olsunlar. Onlar bir neçə saat və ya gün ərzində kobud qanun pozuntularını əks etdirən yazıların silinməsini və müəyyən edilmiş normalara əməl edilməməsinə görə cərimələrin tətbiq olunmasını tələb edirlər. Bu təcrübə həm beynəlxalq təşkilatlar, həm də yerli hüquq müdafiəçiləri tərəfindən tənqid olunur”.
A.Əliyevin sözlərinə görə, demokratiya ilə bağlı problemlərin olduğu ölkələrdə hökumətlərin bu cür qərarları daha çox tənqid olunur: “Çünki yerli hakimiyyət orqanlarının onlardan söz azadlığına, müxaliflərə qarşı repressiyalar üçün istifadə edəcəyi ilə bağlı ciddi narahatlıqlar var. Məsələn, Türkiyədə qeyd etdiyiniz qanunun qəbul edildiyi vaxta qədər, 400-ə yaxın sayt artıq blok edilmişdi. Azərbaycanda da vəziyyət oxşardır”.
“Məhdudlaşdırıcı normalar tətbiq edildikdə bu amillər nəzərə alınmalıdır. Birincisi, demokratik cəmiyyətdə məhdudiyyətlər zəruridir, amma onlar müxtəlif şərhlərə yer qoymadan qanunda açıq şəkildə, dəqiq yazılmalıdır. İkincisi, hakimiyyətin bu məhdudiyyətlərdən tənqidçilərin səslərini boğmaq üçün istifadə etməyəcəyinə dair zəmanəti olmalıdır”, - mütəxəssis vurğulayıb.
Türkiyədəki qanuna qayıdaraq xatırladaq ki, sosial şəbəkələrə oxşar tələblər əvvəllər Rusiya hakimiyyəti tərəfindən də qoyulmuşdu, lakin “Facebook” və “Twitter” bu tələbə heç bir reaksiya vermədi. Beləliklə, fevral ayında Moskva məhkəməsi, rusların məlumatlarını lokallaşdırmaqdan imtina etdikləri üçün şirkətlərə hər biri 4 milyon rubl olmaqla cərimə təyin etdi. Lakin “Facebook” və “Twitter” nümayəndələri (həmçinin “Roskomnadzor”) heç məhkəməyə də gəlmədilər...