Avstriyada nazir istefa verdi: plagiatlıqda ittiham olunur

Dünya

10.01.2021 - 17:35

“Şərəf və ləyaqətimi qorumaq üçün tutduğum vəzifədən istefa vermək qərarına gəldim”

 

Avstriyanın federal əmək, ailə və gənclər naziri Kristine Aşbaxer plagiat ittihamlarına cavab olaraq tutduğu vəzifədən istefa verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, ittihamlara görə, Aşbaxer magistr və doktor elmi işlərində plagiata yol verib. O, bütöv hissə və fəsilləri digər müəlliflərin əsərlərindən köçürüb.

 

Nazir bildirib ki, öz elmi işlərini daim müvafiq tələblərə uyğun şəkildə vicdanla hazırlayıb.  Aşbaxer ali təhsil ocaqlarından plagiatla bağlı rəy gəlmədən onun barəsində səs-küy qaldıranları, mətbuatda adını ləkələyənləri tənqid edib.

 

“Artıq nazir olarkən Slovakiya Texniki Universitetində təqdim etdiyim dissertasiya işində plagiata yol verilməsi barədə məlumat həqiqəti əks etdirmir və müəyyən stereotiplərə söykənən müxalif qüvvələr mətbuatda bu mövzunu qəsdən şişirməyə, ictimai nüfuzuma xələl vurmağa çalışırlar. Şərəf və ləyaqətimi qorumaq üçün tutduğum vəzifədən istefa vermək qərarına gəldim”, - deyə nazir qeyd edib.

 

Avstriyanın Federal Kansleri Sebastian Kurts xanım nazirə bu addımına görə minnətdarlıq edib və yanvarın 11-də bu vəzifəyə yeni təyinatın olacağını bildirib.

 

Müəllif: Ayna.az