Anormallıq və paradoks: dünya batır, şeyxlər keflərində

Dünya

10.07.2022 - 21:09

Bir tərəfdə böhran, digər tərəfdə futbol komandalarına, yaxtalara, lüks həyata xərclənən milyardlar

Avropada işlər qarışır. Və təkərlər qırılır. İngiltərə, Şotlandiya, Fransa və İtaliyaya səfərlərimiz zamanı yaşana biləcək siyasi və iqtisadi böhranı ətraflı yazmışıq.

Ukraynada müharibə səbəbiylə başlayan qaz və neft qıtlığından hava yolları və bir çox sektorlar təsirlənəcək. Tətillər iqtisadiyyatın təkərlərini qırdı. Yaşayış minimumu və artan inflyasiya vəziyyəti daha da pisləşdirir.

Və üç-beş gün sonra İngiltərədə Baş nazir Consona inamını itirdiklərini açıqlayan maliyyə naziri Rishi Sunak və səhiyyə naziri Sajid Cavid istefa verdi. Xəzinədarlıq, mədəniyyət və bəzi dövlət nazirləri və müavinləri ilə birlikdə istefa verənlərin sayı 31-ə çatdı. Baş nazir Boris Conson siyasi böhranın həllini məcburi istefada tapdı.

Fransada da vəziyyət fərqli deyil. Məhz buna görə də Makron Ukraynadakı müharibənin tez bir zamanda bitməsini istəyir. Rusiya Prezidenti Putinlə vasitəçilik cəhdləri zamanı gülməli vəziyyətə düşən Makron çətin anlar yaşayır.

Almaniya Həmkarlar İttifaqının sədri Yasmin Fahiminin bütün sektorların çökə biləcəyi və Avropa ölkələrinin gələcəyi üçün böyük problemlər yaranacağı ilə bağlı xəbərdarlıqlarını yazdıq. Fahimi enerji böhranının inflyasiyanı rekord həddə çatdırdığına və ictimai sabitliyi pozduğuna, təbii qazın rasyonlaşdırıla biləcəyinə diqqət çəkərək, bu səbəbdən fövqəladə planlamanın lazım olduğunu bildirib.

Avtomobil sənayesində yaşanan əsas problemlər də böhrana daxildir. Dollar avro qarşısında ilk dəfə üstünlük əldə edir və davamlı olaraq dəyər qazanır.

Qaz və neft qıtlığının bütün dünyada böyük problemlər yaradacağına diqqət çəkən ekspertlər xüsusilə, kənd təsərrüfatı, qida, tibb, nəqliyyat və sənaye sektorlarında böyük böhranların yaşana biləcəyini bildirirlər. Və beləliklə, Rusiyada müharibəyə son qoyulmalı olduğunu qeyd edirlər.

Putin isə əsl müharibənin hələ başlamadığını bəyan edir. Norveçdə tətillər səbəbindən neft hasilatı azalır. Bazarların qaz və neft tələbatını ödəyə bilməməsi qiymətləri yüksəldir.

Ərəb ölkələri isə böhranı fürsətə çevirərək külli miqdarda pul qazanır. Səudiyyə Ərəbistanında şahzadə Salman milyonlarla dollara futbolçu transfer edir.

Bugünlərdə Qurban bayramını qeyd edirik. Dünya iqtisadi böhranlarla mübarizə aparır, amma İslam coğrafiyasını idarə edənlər trilyonlarla dolları futbol komandalarına, futbolçulara, yaxtalara, təyyarələrə, helikopterlərə və lüks həyata xərcləyirlər.

Millətin zəhməti, çörəyi israfa qurban gedir. Təkərlər qırılır, amma neft-qaz şahları və şeyxlərinin vecinə deyil...

Müəllif: Mehmet Soysal

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli