Ani Gevorkyan vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir
Ermənistan Parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyanın həbsi ilə bağlı vəsatət verilib. AYNA xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, Gevorkyan iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan və Dövlət İnvestisiya Siyasəti Departamentinin rəhbəri Liliya Sirakanyanın saxlanıldığı eyni işlə bağlı istintaqa cəlb edilib.
“Bu iş üzrə 7 nəfərin həbsi ilə bağlı vəsatət verilib”, - mənbə qeyd edib.
Bundan əvvəl Ermənistan İstintaq Komitəsi ölkənin İqtisadiyyat Nazirliyində aparılan axtarışlardan sonra 7 nəfərin saxlandığını elan edib. Həmin şəxslər əvvəlcədən razılaşaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
Xüsusilə, “Dövlət investisiya proqramları üçün bankın yaradılması” tenderinin bir hissəsi olaraq, şirkətlərdən birinin rəhbəri ilə əlbir olub, onun rəqibinin iştirakına süni maneələr yaradıblar. Nəticədə 3 dəfə baha (392 milyon dram - az qala 100 min dollar) ərizə təqdim edən şirkət qalib gəlib.
“Sputnik Ermənistan” xəbər verir ki, axtarışlar İqtisadiyyat Nazirliyində və bir neçə nəfərin mənzillərində, ümumilikdə 15 yerdə aparılıb.