Tibb bacısı: “62 yaşım var, 30 ildən çoxdur ki, bu sahədə işləyirəm, bu yaşda insanı imtahana çəkmək ağır stressdir və stress bizi öldürür”
Hüquq müdafiəçisi: “60 yaşında, 40 ilə yaxın təcrübəsi olan adamın peşəkarlığının yoxlanılmasının mənası nədir? Onsuz da 65 yaşında məcburi pensiyaya göndəriləcək”
Nazirlik: “Tibb işçisi imtahandan keçə bilmədiyi halda, 6 ay ərzində ikinci dəfə imtahan verməlidir, ikinci dəfə də imtahandan keçə bilmədikdə onun əmək müqaviləsinə xitam verilir”
Avqustun 16-da jurnalist Arifə Əliyeva Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirdi. O, aksiyanı 62 yaşlı anası və anası timsalında bu yaşda sertifikasiya imtahanına cəlb olunan və imtahandan kəsildiyi halda işdən uzaqlaşdırılan tibb işçilərinin səsini çatdırmaq üçün keçirdiyini bildirdi. Jurnalist, həmçinin səhiyyə sistemindəki nöqsanlara diqqət çəkməyə, aksiyanı işıqlandıran media nümayəndələrinin köməyi ilə hökumət adamlarını problemləri həll etməyə səslədi.
Etirazçı xanımın anası Almaz Sadıqova AYNA-ya açıqlamasında imtahanla bağlı qarşılaşdıqları çətinliklərdən danışıb: “Mən Tovuz rayonunun kənd xəstəxansında sahə üzrə tibb bacısı işləyirəm. Yaşım 60-ı keçib. Bu yaşımda gecə-gündüz demədən imtahana hazırlaşmışam. May ayında imtahandan kəsilmişdim, ikinci dəfə imtahanda iştirak etdim, dedilər, bu dəfə də imtahandan keçə bilməsəm, işdən çıxaracaqlar”.
Qadının sözlərinə görə, 30 ildən çoxdur ki, sahədə işləyir və bu yaşında onu və onun kimi digər tibb işçilərini imtahana çəkmələri həyatlarına sadəcə əlavə stress gətirir: “Stress bizi öldürür. Əvvəl maaşımı alanda xeyrimə-şərimə də gedirdim, nəvəm bir şey istəyəndə onu da ala bilirdim. İndi nəvəm deyir, “filan şeyi mənim üçün al”, deyirəm, pulum yoxdur. Soruşur, “niyə pulun yoxdur”, deyirəm, imtahandan keçə bilməmişəm. Ağırdır. 30 ildən artıq iş təcrübəm var, indi məni imtahana çəkməyin mənası nədir axı?”.
Sadıqova imtahandakı sulların da aydın olmadığını söyləyib: “Suallar aydın deyil. İmtahanda həkimə veriləcək suallara cavab verməyimiz tələb olunur. 5 kliniki sual verilir. Axı mən həkim deyiləm, diaqnoz qoymuram, müalicə yazmıram”.
Təkmilləşdirmə kurslarından danışan tibb bacısı deyib ki, kurslarda iştirak etməyin özündə də çətinliklərlə qarşılaşırlar: “Mən Tovuzda işləyirəm. Kurs isə Gəncədə təşkil olunur. Kursa gedə bilmədiyin halda 150 manat verməlisən. Yol çox uzaqdır, necə gedib-gələsən? Bu il onlayn olduğuna görə isə kurs üçün 50 manat vəsait istəyirdilər. Mən Lənkərana gedib orada kurslara qoşuldum, pul da vermədim”.
Mövcud problemi AYNA-ya şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədovun sözlərinə görə, 1999-cu ilin Əmək Məcələsi dəyişdirilib və sertifikasiya məsələsi də məcəlləyə sonradan pərçimlənib: “Ümumiyyətlə, bu sertifikasiya məsələsi sonradan Əmək Məcəlləsinə pərçimlənib. Əslində Əmək Məcəlləsində belədir ki, işçi işə qəbul olduqdan sonra bir ildən tez olmayaraq, 3 ildən bir peşəkarlığının yoxlanılması üçün attestasiya oluna bilər. 3 dəfədən artıq attestasiyadan keçən şəxsi sonradan attestasiyaya cəlb etmirlər, artıq o, peşəkar sayılır. 1999-cu ilin Əmək Məcəlləsi belə idi. Sonradan sertifikasiya məsələsi məcəlləyə pərçim edildi”.
Məmmədov deyib ki, bu, Konstitusiyaya ziddir: “Dünya praktikasında həkimlərin peşə təşikaltı var. Təhsilini bitirdikdən sonra iş üçün müraciət edənlər həmin təşkilatda imtahandan keçdikdən sonra peşə fəaliyyəti ilə məşğul ola bilirlər. İndi bizdə də, guya buna bənzər nəsə etməyə çalışıblar, sertifikasiya imtahanı keçirirlər. Lakin bu, Konstitusiyaya ziddir. Mən əvvəldən bunu demişəm”.
“Əmək Məcəlləsinə əsasən, işləyən hər bir şəxs eyni qaydada attestasiyadan keçməlidir və 3 dəfədən sonra buna ehtiyac yoxdur. 60 yaşında, 40 ilə yaxın təcrübəsi olan adamın peşəkarlığının yoxlanılmasının mənası nədir? Onsuz da 65 yaşında məcburi pensiyaya göndəriləcək. Yəni, ümumiyyətlə, qanuna pərçimlənmiş bu məsələ Konstitusiyaya ziddir”, - deyə VƏHML sədri vurğulayıb.
Suallarla bağlı narazılıqlara toxunan hüquq müdafiəçisinin dediyinə görə, sertifikasiya imtahanını üçüncü bir tərəf etməlidir: “Hər kəsin ixtisasına, peşəsinə uyğun suallar tərtib olunmalıdır. O suallar harada, kim tərəfindən tərtib edilir, bu, bilinmir. Əgər sertifikasiya məsələsini gündəlikdə saxlayırlarsa, əslində imtahanı həmin orqanın özü yox, üçüncü bir orqan təşkil etməlidir. Lakin bunun hamısını özləri edirlər”.
“O zaman, xüsusən, Bakı şəhərində kim ki, sertifikasiyadan keçə bilmirdi, onu işdən çıxarırdılar, yerinə başqasını rüşvət alaraq təyin edirdilər. Yaxud da sertifikasiyanın özündə saxtalaşdırma halları var idi. İndi deyə bilmərəm, bu, var, ya yoxdur, amma əvvəllər belə idi. Buna görə fikirləşmişdilər bunu. 30-40 illik işçini yenidən imtahan etmək ağlabatan məsələ deyil. 30-40 illik işçini imtahan etmək görünməmiş, ağlabatmayan bir məsələdir. Lakin bu, qanunda var, sonradan bununla bağlı maddə əlavə ediblər”, - deyə müsahibimiz qeyd edib.
Məsələnin hüquqi həllinə qaldıqda isə Məmmədov söyləyib ki, bununla bağlı məhkəməyə müraciət etmək mümkündür: “İndiki halda narazı şəxs sualların adekvat olmaması və s. barədə məhkəməyə müraciət edə bilər. Bunun hüquqi yolu budur”.
Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasından AYNA-nın sorğusuna cavab olaraq bildiriblər ki, sertifikasiya imtahanı verdiyi dövrdə işləyən tibb işçisi imtahandan keçə bilmədiyi halda, 6 ay ərzində ikinci dəfə imtahan verməlidir: “İkinci dəfə də imtahandan keçə bilmədikdə tibb işçisinin əmək müqaviləsinə xitam verilir və bundan sonra artıq imtahanda iştirak etmək üçün say məhdudiyyəti qoyulmur”.
Tibb bacısı üçün nəzərdə tutulmuş sualları daha çox həkimin cavablandırmalı olduğu məsələsinə Komissiyadan belə reaksiya verilib: “Bu hal mümkün deyil. Sertifikasiya imtahanının yoxlama tapşırıqları orta tibb işçiləri üçün nəzərdə tutulmuş müvafiq ixtisas kursunun məzmunu əsasında tərtib edilir. Tapşırıqların yazılmasında orta tibb təhsil müəssisələrinin pedaqoji heyəti və tapşırıqların tərtibatı üzrə təlimlər keçmiş, ölkənin aparıcı orta tibb işçilərindən ibarət testoloqlar iştirak edirlər. Hər bir ixtisas üzrə sual və tapşırıqlar hazırlanır və proqram təminatı tərəfindən bir ixtisasın suallarının digər ixtisas sahibinə verilməsi halı istisna edilir”.
20-30 illik iş təcrübəsi olan işçinin bu cür imtahanla sınağa çəkilməsinin mahiyyətini isə Nazirlik qanuni tələb olması ilə əsaslandırıb: “Tibb işçilərinin sertifikasiya imtahanına cəlb edilməsi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1 maddəsinə və Nazirlər Kabinetinin 08.06.2010-cu il tarixli 108 nömrəli qərarına əsaslanır”.
Təkmilləşdirmə kursları üçün ödənişlərin tələb edilməsinə qaldıqda isə Komissiyadan verilən cavaba görə, bu məsələ onların səlahiyyətində deyil: “Orta və ali tibb işçiləri üçün keçirilən kursların ödənişli və ya ödənişsiz olması barədə sual tibb koleclərinin və Həkimləri Təkmilləşdirmə İnstitutunun səlahiyyətindədir”.