Seymur Orucov YAP Gənclər Birliyinin sədri idi
Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Seymur Vaqif oğlu Orucov hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədridir.
AYNA xəbər verir ki, S.Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. Oranı biritdikdən sonra, 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub, 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olub.
2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib.
2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. Bu günə qədər S.Orucov həmin vəzifəni daşıyır.