Rayonun Aşağı Ləki kəndinində insident baş verib
Ağdaş rayonun Aşağı Ləki kəndinin bələdiyyə sədri Vacib Həsənov kənd sakinləri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə AYNA-ya kənd sakinləri məlumat verib.
Sakinlər bildirib ki, V.Həsənov gecə saatlarında kənddəki evlərin birinə gizli şəkildə girərkən görülüb: "Bizə xəbər gəldi ki, bir nəfər həmkəndlimizin həyətində axtarış edir. Dərhal həmin evə yollandıq. Həyətə daxil olarkən üzündə maska, başında papaq və əlində bıçaq olan bir nəfərin var-gəl etdiyini gördük. Yaxınlaşıb maskasını çıxaranda onun kəndin bələdiyyə sədri V.Həsənov olduğunu gördük. O, bizə kəndin sahə müvəkkili ilə razılaşaraq burada rəsmi araşdırma apardığını dedi. Lakin sahə müvəkkili ilə əlaqə saxlayanda o, məsələdən xəbərsiz olduğunu dedi. Bundan sonra V.Həsənovu kəndin mərkəzinə gətirərək sorğu-sual etdik ki, məsələnin dəqiq məğzini öyrənə bilək. Lakin o, əsas məqsədini yenidən gizlədəndə kəndin bəzi sakinləri onu döyərək xəsarət yetirdilər. Çox güman ki, V.Həsənov böyük miqdarda borcu olduğu üçün həmin evə oğurluq məqsədiylə gedibmiş".
Qeyd edək ki, V.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
AYNA məsələyə aydınlıq gətirmək üçün rayonun polis bölməsi və sahə müvəkkili ilə əlaqə saxlamağa çalışsa da, təəssüf ki, zənglərə cavab verilməyib. Zərərçəkənin oğlu Bəhruz Həsənov isə hadisənin baş verdiyini təsdiqləyib və hazırda xəstəxanada atasının yanında olduğunu deyib: " Atamın vəziyyəti yaxşıdır, amma hazırda danışa bilmərəm, bir azdan zəng edərsiz".