Tovuzdan Sabirabada göndərilən müəllimin sərgüzəşti: <font color=red> Araba, kürək...</font>

Hadisə

18.06.2019 - 11:39

Ezam olunduğu kənddə özünə ev tikməyə çalışan tovuzlu müəllimin aldığı tikinti materialları - qum, sement, araba, kürək oğurlanıb. Bu barədə Fərrux Qocamanlı adlı “Facebook” istifadəçisi öz səhifəsində məlumat verib.

 

AYNA məsələni araşdırıb və oğurluq hadisəsinin Sabirabad rayonunun Xankeçən kəndində baş verdiyini müəyyən edib. Oğurluqla üzləşən isə həmin kənd məktəbində çalışan ibtidai sinif müəllimi Məqsəd Əliyevdir. O, Tovuz rayonundandır, təyinatla Xankeçən kənd məktəbinə göndərilib.

 

Adıçəkilən məktəbin direktoru İbrahim Əsədullayev AYNA-ya faktı təsdiqləyib. Ancaq o, vurğulayıb ki, oğurluğun miqyası iddia olunduğu kimi deyil: “Müəllimin evi tikilib, üstü də bağlanıb. Həyətdə oğurlanası tikinti materialı qalmayıb. Oradan sadəcə tikinti materiallarının daşınması üçün istifadə olunan araba və kürək aparılıb”.

 

Direktor onu da qeyd edib ki, oğurluq hadisəsi ilə bağlı polisə şikayət olunmayıb: “Oğurluğu yəqin ki, kənd camaatı etməyib. Amma yenə də camaata bildirmişik ki, kim götürübsə, gətirib yerinə qoysun. Bəlkə də yoldan keçənlərdən kimsə aparıb. Tapılmasa da özümüz alıb, müəllimə verəcəyik. Arabaya görə polisə şikayət etmək ayıb olar”.

 

“Kəndimizin adının belə oğurluq hadisənində hallanması bizi məyus etdi. Çünki biz o müəllimi çox hörmət-izzətlə qarşılamışıq, evindən də rahat şərait yaratmışıq ona. Özü də kənd camaatından çox razılıq edəcək. O, çox savadlı müəllimdir, böyük hörmət qazanıb kənddə” – deyə direktor əlavə edib.

Müəllif: Ayna.az