İki günlük təlimdə ABŞ-ın “Ronald Reagan” təyyarədaşıyan gəmisinin daşıyıcı qrupu iştirak edib
ABŞ Şimali Koreyanın təhdidləri səbəbindən Cənubi Koreya və Yaponiya ilə ilk birgə hərbi dəniz təlimləri üçün təyyarədaşıyan qrup göndərib. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bu gün başa çatacaq iki günlük təlimdə ABŞ-ın “Ronald Reagan” təyyarədaşıyan gəmisinin daşıyıcı qrupu, Cənubi Koreyanın “Aegis”lə təchiz edilmiş esminesi və Yapon esminesi iştirak edib”, - deyə agentlik Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən qeyd edib.
Bildirilib ki, birgə təlimlərin əsas məqsədi raket sınaqları ilə bağlı Şimali Koreyadan gələn təhdidlərin işlənməsi, həmçinin üç ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsi olub.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In KXDR Ali Xalq Məclisinin 9-cu sessiyasındakı çıxışında Yaponiya, Cənubi Koreya və ABŞ-ın faktiki olaraq NATO-nun Asiya versiyasını yaratdıqlarını bildirib. Kim Çen belə bir ittifaqın müharibələrin və təcavüzün əsas səbəbi olduğunu vurğulayıb. KXDR rəhbəri üç ölkənin tərəfdaşlığını ən böyük təhlükə adlandırıb.