ABŞ rəsmisindən proqnoz: Ukrayna 2025-ci ildə əks-hücuma keçəcək

Dünya

05.05.2024 - 23:18

Sallivan: “Vaşinqtonun köməyi sayəsində Kiyev 2024-cü il ərzində cəbhə xəttini saxlamaq imkanı əldə edəcək”

“Ukrayna ordusu 2025-ci ildə yeni əks-hücum əməliyyatına başlamağı planlaşdırır”. AYNA “Financial Times”ə istinadən bildirir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni hərbi yardım paketinə baxmayaraq, hələ də qarşıdakı dövrdə döyüş meydanında Rusiyanın irəliləyişləri gözlənilir.

Bununla belə, o hesab edir ki, Vaşinqtonun köməyi sayəsində Kiyev 2024-cü il ərzində cəbhə xəttini saxlamaq imkanı əldə edəcək.

Gələn ilin müharibə ssenarisinə gəlincə, Sallivan deyib ki, Ukrayna ondan alınmış əraziləri geri qaytarmaq üçün üçün irəliləmək niyyətindədir.

Aprelin əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, yeni əks-hücum planı artıq hazırlanıb, lakin onun həyata keçirilməsi üçün ABŞ-ın hərbi yardımı, o cümlədən müasir silahlar lazımdır. Zelenski uğur şansını insanların sayı ilə deyil, silahların keyfiyyəti ilə əlaqələndirib.

Aprelin sonunda ABŞ Prezidenti Co Bayden Ukraynaya 60,64 milyard dollar hərbi yardım ayıran qanun layihəsini imzalayıb. Digər hərbi yardımlarla yanaşı, yeni tranşa 300 km-ə qədər məsafədə hədəfləri vura bilən ATACMS raketləri də daxildir.

Ümumi məbləğin üçdə birindən çoxu - 23,2 milyard dollar ABŞ ehtiyatlarının artırılmasına ayrılacaq. 13,8 milyard dollar Ukrayna üçün silah alınmasına, daha 11,3 milyard dollar regionda davam edən hərbi əməliyyatlara və 26 milyon dollar Kiyevə göstərilən yardıma nəzarətin davam etdirilməsinə xərclənəcək. Bundan əlavə, 7,9 milyard dollar Ukrayna hökumətinin fəaliyyətinin saxlanmasına, 1,58 milyard dollar isə Avropa, Avrasiya və Mərkəzi Asiyaya yardım üçün deyil, kredit kimi istifadə olunacaq.

Müəllif: Ayna.az