Pentaqon rəhbəri Yaxın Şərqdə ABŞ-ın hərbi mövcudluğunu gücləndirdiyini bəyan edib
ABŞ-ın müdafiə naziri Lloyd Ostin “USS Georgia” nüvə sualtı qayığının Yaxın Şərqə göndərilməsi, həmçinin “Abraham Linkoln” aviadaşıyıcısının yerləşdirilməsinin sürətləndirilməsi barədə göstəriş verib.
AYNAxəbər verir ki, bu barədə bazar günü Pentaqonun Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddə bildirilir ki, Ostin İsrailin müdafiə naziri Yoav Qalant ilə telefon danışığı aparıb və o, “ABŞ-ın İsraili qorumaq üçün bütün tədbirləri görməyə hazır olduğunu” təsdiqləyib və həmçinin “gərginliyin artması fonunda Yaxın Şərqdə ABŞ-ın hərbi mövcudluğunu gücləndirdiyini” bəyan edib.
Ostin xüsusilə qeyd edib ki, o, “Abraham Lincoln” təyyarədaşıyıcısının F-35C qırıcıları ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına “yerləşdirilməsini sürətləndirməyi əmr edib”. Eyni zamanda, “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi artıq regiondadır. Bundan əlavə, Pentaqon rəhbəri qanadlı raketlərlə təchiz edilmiş “Corciya” sualtı qayığını CENTCOM-un məsuliyyət zonasına göndərməyi əmr edib.
Məlumatda qeyd olunur ki, Ostin və Qalant İsrail hərbçilərinin Qəzza zolağındakı hərəkətlərini və orada atəşkəs razılaşmasına nail olmaq səylərini müzakirə ediblər. Bundan əlavə, söhbətin mövzusu “İran, Hizbullah və İranla əlaqəli digər qrupların təcavüzünün qarşısını almaq” cəhdləri olub.
Bundan əvvəl Ostin Amerika-Avstraliya danışıqlarının nəticələrinə əsasən bildirmişdi ki, Vaşinqton administrasiyası Yaxın Şərqdə hərbi mövcudluğunu, o cümlədən kreyser və esmineslərin, eləcə də aviasiya vasitələrinin ötürülməsi yolu ilə gücləndirir.
Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin iyulun 31-də Tehranda ölümündən və Beyrutda Hizbullahın hərbi qanadının komandirlərindən biri olan Fuad Şokrun məhv edilməsindən sonra başlayıb. İran, HƏMAS və Hizbullah hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.