Qatilin 37 nəfəri öldürdüyü bildirilir
ABŞ-da 1960-70-ci illərdə Kaliforniya əyalətində ardıcıl qətllər törədən və bu günə qədər tutula bilməyən qatilin “Zodiak” imzası ilə qəzetə göndərdiyi şifrəli məktubların kodları 51 il sonra deşifrə edilib.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, 1960-1970-ci illərdə Kaliforniya əyalətində San Fransisko və onun ətrafında 37 adamı öldürdüyü iddia edilən qatilin 51 il əvvəl “Zodiak” imzası ilə mətbuata göndərdiyi məktublarındakı kodların deşifrə olunduğu açıqlanıb. Qatil tərəfindən göndərilən ilk şifrələnmiş məktub 1960-cı illərdə deşifrə edilib və məktubda "öldürməyi çox əyləncəli olduğuna görə sevirəm" yazıldığı bildirilmişdi.
Qeyd edək ki, kodları Virciniyada yaşayan 46 yaşlı David Orançakın oxuduğu deyilir. David Orançak qatil tərəfindən göndərilən digər şifrəli məktublar üzərində 2006-cı ildən bəri işləmiş və 340 simvoldan ibarət şifrələri açdığını bildirib. Məktublarda "Ümid edirəm məni tutmağa çalışarkən çox əylənəcəksiniz" və "qaz kamerasından qorxmuram, çünki məni cənnətə daha tez göndərəcək" kimi mesajların olduğu bildirilib.
Qeyd edək ki, “Zodiak” adlı qatilin cinayətlərinin mediada görünməyə başladığı 1969-cu ilin noyabr ayında “San Francisco Chronicle” qəzetinə şifrəli məktublar göndərilməyə başlanır. “Zodiak killer” istintaqı uzun illər davam edib, polis və FTB cinayətlərdən məsul olan qatili müəyyən edə bilməyib. Lakin istintaq hələ də davam edir. Qatil rəsmi olaraq, 5 qətlə görə məsuliyyət daşıyır, 2 qurbanı isə qaçmağa nail ola bilib.
İstintaq və qatil haqqında bir çox kitab yazılmış və "Zodiak" adlı film çəkilib.