Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar və ya İrəvana verilən limit tükənir

Aktual

22.10.2021 - 19:15

Dəhliz məsələsi bitib, açılması birmənalı razılaşdırılıb – indi toplantılarda detallar müzakirə olunur

Son günlər Zəngilan dəhlizi məsələsində maraqlı proseslər baş verməkdədir. Tərəflər – Azərbaycan və Ermənistan, eyni zamanda, maraqlı ölkələrin rəsmilərinin açıqlamaları, bəyanatları dəhlizin açılması tarixinin çox da uzaqda olmadığını göstərir.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Zəngəzura – Zəngilana səfəri zamanı verdiyi açıqlamaya diqqət edək. Prezident deyir: “Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur. Bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqeyimiz orada bir daha səslənəcək. Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastruktur qurulacaq”.

Azərbaycan liderinin fikirlərindən belə qənaət formalaşır ki, rəsmi İrəvan nə qədər israr etsə də, Bakı birmənalı mövqeyində israr göstərib və diplomatik danışıqlarda uğur qazanmaqdadır. İkinci Qarabağ müharibəsini dayandıran 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatda bəndlərdən biri regionun blokdan çıxarılmasını – nəqliyyat-kommunikasiyaların açılmasını nəzərdə tutur. Sənəd imzalandıqdan sonra İlham Əliyev xalqa müraciətində həmin bəndə əsasən Azərbaycanın əsas hissəsini Naxçıvanla məhz Zəngəzur dəhlizinin birləşdirəcəyini söylədi.

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan Baş nazirinin 2021-ci il yanvarın 11-də Moskvada keçirilən danışıqları zamanı kommunikasiyaların açılması ilə bağlı 4 bəndlik sənəd imzalandı, üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edildi.

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizini zaman-zaman təkzib etməklə məşğul oldu, orada dəhliz yox, sadəcə yol olduğu haqqında Nikol Paşinyan bəyanatlar verdi. Lakin Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılacağını, artıq bu yolun beynəlxalq aləmdə Zəngəzur dəhlizi kimi rəsmiləşdiyini söylədi. Zəngilan səfərində bir daha bildirdi ki, dəhliz açılacaq. Eyni zamanda, Prezidentin mesajından belə anlaşılır ki, İrəvan israrlı təkzib mövqeyindən çəkilməkdədir.

Düzdür, yenə Ermənistan rəsmilərindən biri dəhlizin reallaşacağını təkzib edib. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistanın suveren ərazisindən Azərbaycana dəhliz verilməsi ilə bağlı danışıqlar aparılmayıb və aparılmır: “Əgər Bakının məntiqinə əsaslansaq, onda bu cür dəhliz Ermənistana da verilməlidir ki, Asiya ölkələrinə çıxışı olsun. Ermənistan nəqliyyat dəhlizi məntiqi çərçivəsində hər hansı məsələni müzakirə etməyib, etməyir və etməyəcək də”. Amma erməni analitiklər Qriqoriyanın bu açıqlamasını daxili narazı qüvvələr üçün “sakitləşdirici həb” sayırlar. Bu iddiada olanlar fikirlərini Moskvada Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin 8-ci görüşü ilə əsaslandırırlar.

Xatırladaq ki, Azərbaycan Prezidenti Zəngilana səfərində dəhlizlə bağlı dediklərindən bir neçə saat sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin görüşü olub. Daha doğrusu, hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun 8-ci iclasının ilk hissəsi baş tutub. Həmin toplantıda Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin 2020-ci il yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.

Azərbaycan və erməni analitiklərinin dediklərindən, rəsmi açıqlamalardan belə qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizi məsələsi bitib, açılması birmənalı razılaşdırılıb – indi toplantılarda detallar müzakirə olunur.

Dəhlizlə bağlı bölgə dövlətlərinin də fikirlərinin birmənalı olaraq Azərbaycandan yana olduğu görünür. Qardaş ölkə Türkiyə dəhlizin açılmalı olduğunu müharibə bitdiyi gündən bəyan edib. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Zəngəzur dəhlizi ilə bağlı mövqeyində qalır”, deməklə Ankaranın mövqeyini bir daha bəyan etdi. Dəhlizə qarşı olduğu rəsmiləri və ictimaiyyəti tərəfindən verilən açıqlamalarla məlum olan cənub qonşumuz İran da əks-mövqenin Tehrana xeyir gətirməyəcəyini deyəsən, anlayıb. Belə ki, Azərbaycana qarşı iki aya yaxındır sərt ritorika ilə danışan İran tərəfinin bəyanatlarında yumşalma hiss olunmaqdadır. Rəsmi Bakının narazılığına səbəb olan Xankəndidəki erməni terrorçularına yük daşıyan şirkətlərə Tehran qadağa qoydu. Analitiklər bildirirldilər ki, İranın Xankəndidəki terrorçulara yardımları, Azərbaycana qarşı saymazyana davranışları, verilən absurd bəyanatlar və iddialar əslində Tehranın Zəngəzur dəhlizindən narahatlığından qaynaqlanır. Və İran bu dəhlizin açılmasını istəmir. Son günlərdə təhdid ritorikasının yumşalması, erməni separatçılarına yük daşınmasına qadağa qoyulması faktları göstərir ki, İran istəməsə də, Zəngəzur dəhlizinə mane ola bilməyəcəyini anladı.

Dəhlizlə bağlı Rusiya Prezidentinin dünən verdiyi açıqlama isə demək olar ki, məsələnin nöqtə qoyulması mərhələsinə adladığını göstərir. Putin “Valday” Beynəlxalq Disskusiya klubunun plenar iclasındakı çıxışında bildirib ki, Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır: “Bu, Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir. Regionda səmərəli iqtisadi həyatın, səmərəli əməkdaşlığın qurulmasında, o cümlədən Azərbaycanla gələcəkdə münasibətlərin qurulmasında, Türkiyə ilə münasibətlərin donunun açılmasında, bu münasibətlərə müasir xarakterin verilməsində - Ermənistan prinsipcə bunda maraqlıdır. Bu, bu və ya digər halda əsas məqsədə nail olunmasına gətirib çıxarmalıdır - iki dövlətin təhlükəsiz mövcudluğunun və iqtisadi inkişaf üçün şərtlərin yaradılmasına gətirib çıxarılmalıdır. Bunu etmək mümkündür, ya yox? Mümkündür. Qan tökülməsini dayandırmaq üçün bizdən asılı olan hər şeyi etdik, təkcə bunu deyil: sülhməramlılarımız layiqincə vəzifələrini yerinə yetirirlər”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Bu bəyanatdan sonra təbii ki, Ermənistanda yenə də müəyyən təkzibedici bəyanatlar veriləcəyi gözləniləndir. Lakin az müddətdən sonra qarşı tərəf reallığı anlayacaq. Əslində erməni rəsmilər reallığı çoxdan anlayıblar – Zəngəzur dəhlizinin Azərbaycanla yanaşı, Rusiya və Türkiyə üçün çox vacib olduğunu. Eləcə də, Ermənistanın inkişafı üçün dəhlizin nə qədər əhəmiyyətli olduğunu da dərk ediblər. Sadəcə İrəvan manipulyasiya etməklə zaman qazanmağa çalışırdı. Görünür, artıq Ermənistana verilən zaman da tükənmək üzrədir.

Başqa çıxış yolu olmadığını anlayan qarşı tərəf yumşalmaqda davam edəcək və dəhliz açılacaq. Reallıqla barışmazlıq erməni cəmiyyətinin bir kəsimində mövcudluğunu qoruyur ki, bu da təbiidir. Müxaliflər hər zaman hökuməti sarsıtmaq üçün, daha çox dvidentlər qazanmaq üçün reallığı anlasalar da, qəbullanmaqda çətinlik çəkirlər. Lakin böyük çoxluq – söhbət Nikol Paşinyanı dəstəkləyən, məğlub ölkə başçısına seçkidə yenidən şans verən kəsimdən gedir – reallıqla barışıb.  

Zəngəzur dəhlizinin açılacağı vaxt konkret bəlli deyil. Azərbaycan dəhlizin açılması üçün infrastrukturun qurulmasına çoxdan başlayıb. Şosse yol və dəmiryolunun qurulması işləri aparılır. Bunu tez zamanda yekunlaşdırmaq üçün Azərbaycanın maliyyə resursları mövcuddur. Yəni ki, bizdə problem yoxdur. Ermənistan isə... Ola bilsin ki, maliyyə yoxluğunu bəhanə gətirən İrəvan bir qədər də vaxt qazanmağa çalışsın. Amma Rusiya amili var və Rusiya dəhlizlə bağlı sanki tələsir...

Müəllif: Anar Bayramoğlu