Aleksey Arestoviç: “Sonra biz bir-birimizin boğazından yapışmağa, günahkarları axtarmağa başlayacağıq”
Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç 2024-cü ildə Ukraynada hadisələrin inkişafının üç variantı barədə danışı. Siyasətçi fikirlərini “Rzeczpospolita”ya müsahibəsində bölüşüb.
Birinci variantda Arestoviç Ukrayna üçün “silahlı Maydan” proqnozlaşdırıb: “Bu vəziyyətdə Rusiya, ABŞ və Çin Ukrayna ərazisində döyüşlərə son qoymağa razılıq verməli olacaqlar. Lakin Kiyev üçün bu, münaqişənin sülh yolu ilə həlli olmayacaq”.
Keçmiş müşavir əmindir ki, bundan sonra atəşkəs pozulmaqda davam edəcək: “Həmçinin travma almış kişilər döyüş bölgəsindən qayıdacaq və ağır reallıqlarla üzləşəcəklər. Nəticədə lokal toqquşmalar yaranacaq”.
Onun sözlərinə görə, ikinci variant Qərb müttəfiqlərinin dəstəyi ilə hərbi əməliyyatların davam etdirilməsini nəzərdə tutur: “Lakin Ukrayna Silahlı Qüvvələri bu işdə uğur qazana bilməyəcək. Sonra biz bir-birimizin boğazından yapışmağa, günahkarları axtarmağa başlayacağıq”.
“Qərb birdən özünə gələcək və bizə böyük miqdarda silah və digər yardımlar verəcək. Sonra hücuma keçəcəyik. Amma düzünü desəm, 2024-cü ildə Ukrayna üçün müsbət ssenari görmürəm”, – Aretoviç üçüncü variantı təsvir edib.
Xəbərdarlıq edib ki, hadisələrin bu cür inkişafı daha çox “fantaziya aləmindən” irəli gəlir.
Bundan əvvəl siyasətçi bildirib ki, münaqişə yalnız Qərblə Rusiya arasında qlobal danışıqlar yolu ilə həll edilə bilər. Arestoviç belə bir razılaşmanın Avropada yeni oyun qaydalarını müəyyən edə biləcəyinə işarə edib.