“Biz Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsini müzakirə etdik”
Ukrayna Prezidenti Volodimir Zelenski Kanadanın Baş naziri Castin Trüdo ilə telefon danışıqları apardığını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında yazıb.
Zelenski Trüdo ilə söhbəti əsaslı adlandırıb. O, Kanadanın Baş naziri ilə Kiyevin müdafiə imkanlarını müzakirə etdiyini vurğulayıb.
“Biz cəbhədə təhdidlər və eskalasiya riskləri qarşısında Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsini müzakirə etdik. Dövlətimizə Kanada tərəfindən göstərilən güclü dəstəyə görə minnətdarlığımı bildirdim. Biz sülh formulunu həyata keçirmək üçün addımlar barədə razılığa gəldik”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Qeyd edək ki, yanvarın 3-də Zelenski Hollandiyanın Baş naziri Mark Rutte ilə də telefonla danışıb. Ukrayna lideri cəbhədə eskalasiya riski və potensial çağırışlar, həmçinin adekvat cavab üçün müdafiə ehtiyacları haqqında müzakirə aparıb.