Kremlə yaxın media konkret cinayət maddəsi üzrə istintaqın aparılması barədə məlumat yayıb
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Yuliya Navalnayanın cinayət məcəlləsinin Rusiya və onun vətəndaşlarına qarşı sanksiya çağırışları maddəsini pozması ilə bağlı araşdırmaya başlayıb. Artıq müvafiq ekspertiza da təyin edilib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Alşevskix deyib.
Kremlə yaxın bir neçə “Telegram” kanalı konkret cinayət maddəsi üzrə istintaqın aparılması barədə məlumat yayıb.
DİN cinayətin törədilməsi barədə daxil olan ifadələri yoxlamağa borcludur. Yoxlamanın özü avtomatik olaraq işin başlanması demək deyil.
Qeyd edək ki, Cinayət Məcəlləsinin “Rusiya Federasiyasına, Rusiya Federasiyasının vətəndaşlarına və ya Rusiya hüquqi şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə çağırışlar” maddəsi üç il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Müxalifətçi siyasətçi Aleksey Navalnının həbsxanada ölümündən sonra onun həyat yoldaşı Yuliya Navalnaya ərinin işini davam etdirəcəyinə söz verib. Daha sonra o Brüsseldə Avropa İttifaqının liderləri ilə görüşüb və Aİ Xarici Əlaqələr Şurasının iclasında çıxış edərək, xüsusilə Vladimir Putinin tərəfdarlarına qarşı sanksiyaları gücləndirməyə çağırıb.