Nazir: “5 gündür ki, yeni yoluxma qeydə alınmayıb və ölüm halı baş verməyib”
Koronavirusla mübarizədə ən effektiv mübarizə aparan ölkələrdən biri də Yeni Zelandiyadır. Epidemiya başlayandan bəri, profilaktik təbirlərə tez başlayan və nizamlı davam etdirən ölkədə xəstə sayı demək olar ki sıfır səviyyəsinə enib. Bu barədə AYNA xarici mediaya əsasən xəbər verir.
Ölkədə mayın ortalarından karantin tədbirləri yumaldılmasına baxmayaraq, təhlükəsizlik tədbirləri davam edir. Yeni Zelandiyanın Səhiyyə Naziri Aşley Blumfield çıxış edərək deyib ki, ölkə üzrə xəstəxanalarda COVID-19 xəstəsi qalmayıb.
“Son xəstəmizi “Middlemore” Xəstəxanasından evinə yola saldıq. Aylar sonra bu nəticə barədə xəbəri vermək ölkəmiz üçün uğurdur. Hazırda 12 aktiv yoluxma var, ancaq onlar da evlərində həkim nəzarətinə götürülüblər. 5 gündür ki, yeni yoluxma qeydə alınmayıb və ölüm halı baş verməyib”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Yeni Zelandiyada ümumilikdə 1504 yoluxma, 21 ölüm halı olub.