“Yeni Konstitusiyaya ehtiyac yoxdur, amma olacaqsa, Vətən müharibəsinə uyğun olmalıdır”

Dünya

12.02.2021 - 19:21

Mehmet Perinçek: “Bu gün yeni Konstitusiya müzakirələrindən daha çox iqtisadi problemlərə və xarici təhdidlərə istiqamətlənməliyik”

 

“Əslində, Türkiyədə yeni Konstitusiyanın hazırlanmasına bu gün o qədər də ehtiyac yoxdur. Türkiyə bu gün xarici təhdidlərlə üz-üzədir, həm də ciddi iqtisadi dəyişikliyə məruz qalır. Ona görə də bu gün Türkiyə bu iki problemə daha çox köklənməli və tədbirlər almalıdır”.

 

Bunu AYNA-ya açıqlamasında türkiyəli politoloq, tarixçi Mehmet Perinçek, Türkiyədə yeni Konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sözügedən problemlər Konstitusiyadan qaynaqlanmır və Türkiyənin Konstitusiyası yeni dəyişdirilib.

 

“Ona görə də Türkiyə bu gün yeni Konstitusiya müzakirələrindən daha çox iqtisadi problemlərə və xarici təhdidlərə daha çox istiqamətlənməlidir. Amma mütləq yeni bir Konstitusiya ərsəyə gələcəksə, Türkiyənin Konstitusiya dəyişikliyi təcrübəsindən faydalanmaq lazımdır. Xüsusən də Türkiyənin bir vaxtlar apardığı istiqlal və azadlıq mübarizələri 1876-cı il inqilabına və nəticədə yeni Konstitusiyanın hazırlanmasına yol açmışdı”, - ekspert bildirib.

 

Perinçek əlavə edib ki, 1908-ci il inqilabı da Türkiyədə yeni Konstitusiyanın hazrlanmasna gətirib çıxarmışdı: “Daha sonralar da Türkiyədə yeni konstitusiyalar hazırlanıb. Bütün bunlar Türkiyənin milli demokratik inkişaf prosesinin bir parçası idi. Yəni, bir tərəfdən Türkiyənin müstəqilliyini təmin edən, digər tərəfdən isə Türkiyənin daxili vəziyyətini demokratikləşdirən addımlar idi”.

 

O, yeni Konstitusiyanın da milli demokratik inkişaf prosesinin davamı olmalı olduğunu qeyd edib: “Təbii ki, Türkiyədə qeyd etdiyim prosesləri pozan addımlar da atılıb. Buna missal olaraq 1971-ci ilin 12 martı və 1980-ci ilin 12 sentyabrında həyata keçirilən çevrilişlərdən sonra təsdiqlənən konstitusiyaları göstərmək olar. Çünki həmin konstitusiyalar Türkiyənin milli demokratik inkişaf prosesini baltalayan konstitusiyalar idi. Həmçinin, 2007-2012-ci illərdə də Qərbin həyata keçirdiyi liberal Konstitusiya təşəbbüsləri oldu. Yəni, yeni Konstitusiya olacaqsa, qeyd olunan təcrübəyə söykənməli, 1971, 1980 və 2007-2012-ci illərdəki Konstitusiya təşəbbüslərinin əksinə olmalıdır”.

 

Tarixçinin sözlərinə görə, hər Konstitusiyanın mahiyyətində qurmaq istənilən dövlətin və cəmiyyətin bir xülasəsi olur: “Ancaq hesab edirəm ki, Türkiyə Konstitusiyasının ən uyğun forması 1937-ci ilin fevral ayında Mustafa Kamal Atatürkün ərsəyə gətirdiyi Konstitusiyanın 2-ci maddəsinə yazdığı formuldur. Həmin maddədə Türkiyə dövlətinin cümhuriyyətçi, milliyəçti, xalqçı, dövlətçi, dünyəvi və inqilabçı olduğu ifadə edilir. Bu 6 formul təbii ki, Türkiyənin həm ehtiyaclarına cavab verir, həm də quruluş fəlsəfəsinə uyğundur”.

 

“Digər tərəfdən, gələcək zamanda Türkiyənin üzləşdiyi problemləri aşmaq baxımından ciddi bir üstünlük yaradır. Təbii ki, bugünkü Konstitusiya da Türkiyənin demokratik, dünyəvi, sosial və hüquqi dövlət olduğunu ifadə edir. Lakin 1937-ci ildəki Konstitusiyaya əlavə edilən formul daha fərqlidir. Hətta, bugünkü demokratik, dünyəvi, sosial, hüquqi dövlət formulunda müstəqillik vurğusu yoxdur, amma 1937-ci il Konstitusiyasında Türkiyənin milliyətçi olduğu ifadə edilir ki, bu da müstəqilliyi izah etməkdədir”, - politoloq vurğulayıb.

 

Perinçek düşünür ki, Türiyənin yeni Konstitusiyası Vətən müharibəsi və qarşıdakı sənaye inqilabının gündəminə uyğun olmalıdır: “Türkiyə bu gün Suriyada, Liviyada, hətta Qərb imperializminin ünvanladığı təhdidlərə qarşı Vətən müharibəsi aparır. Bununla birlikdə, yeni sənaye inqilabının astanasındadır. Ona görə də yeni Konstitusiya həm də iqtisadi problemlərinə həlli uyğun formada olmalıdır. Buna uyğun ən yaxşı sistem də parlamentli idarəçilik sistemidir. Çünki parlment hökuməti sistemi Türkiyənin ənənəvi siyasətində var və bu sistem gələcəkdə Türkiyənin problemlərini həll etməsi baxımından işə yaraya bilər”.

Müəllif: Mərahim Nəsib