Yeni ildə gəlirlərimizi yeni metodla sayacağıq

İqtisadiyyat

17.01.2023 - 10:21

“Minimum əməkhaqqının artırılması fərdi sahibkarların məcburi sosial sığorta xərclərini artıracaq

İlin əvvəli gəlirlər haqqında düşünmək vaxtıdır. Ötən ilin sonuna yaxın parlamentdə büdcə müzakirələri zamanı artıq bildirilmişdi ki, növbəti ildə respublikada orta əmək haqqı 900 manata yaxınlaşacaq. Həmişə olduğu kimi yerli saytlar bu xəbəri dərc etməyə başladı və minimum, həmçinin orta aylıq maaş alan vətəndaşlar eşitdiklərinə inanmadılar.

Axı orta nominal əməkhaqqının dəyəri (parlamentin müvafiq komitəsi bu rəqəmə müraciət edib) vətəndaşlarımızın əksəriyyətinin real əməkhaqqını əks etdirmir. Birincisi, bu, sosial və digər ödəmələr çıxılmazdan əvvəl bütün məbləği təmsil edir, bu da əlinizə daha az əmək haqqı almağınız deməkdir. İkincisi, bu dəyər daha simvolikdir: işçilərin bütün hesablanmış əməkhaqqı fondunu onların orta sayına bölmək yolu ilə əldə edilir. Median maaşların səviyyəsi reallığa çox yaxındır - bizdə orta əməkhaqqından iki dəfə aşağıdır - haradasa 410 manat civarındadır.

Ötən ilin orta nominal və median əməkhaqqı ilə bağlı hələlik məlumat yoxdur, lakin məlumdur ki, ötən ilin 9 ayında orta nominal əməkhaqqı 828 manat təşkil edib ki, bu da 487 dollara yaxındır. Analitiklərin fikrincə, Azərbaycan hazırda orta nominal əməkhaqqına görə regionun digər ölkələrindən geri qalır.

Minimum əməkhaqqının 45 manat artırılması bu gün xüsusilə qızğın müzakirə olunur. Yanvarda minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb. Minimum əməkhaqqının artırılmasından sonra Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəmələr da artıb.

Bu ilin yanvar ayından fərdi sahibkarların sosial sığortaya ayırmaları aşağıdakı kimi artacaq:

Paytaxtda tikinti sahəsində çalışan fərdi sahibkarlar (FS) 172,5 manat məbləğində məcburi sosial sığorta haqqı ödəyəcəklər. Digər sahələrdə çalışanlar - 86,25 manat. Sumqayıt və Gəncə şəhərləri üzrə yığımlar müvafiq olaraq 155,25 manat və 77,62 manat təşkil edəcək. Respublikanın digər şəhərlərində: inşaatçılar 138 manat, qalanları 69 manat ödəyəcək.

Bundan əlavə, şou-biznes işçiləri - musiqiçilər, rəqqasələr, gülüş ustaları və toy, şadlıq və digər tədbirlərdə pul qazanan digər sənətçilər 17,25 manat məbləğində sosial sığorta haqqı ödəyəcəklər. Eyni məbləğ foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fərdi sahibkarlar tərəfindən ödəniləcək. Dərzi və ayaqqabı təmirçilərinin, məişət texnikasının təmiri, bərbər, dərzi, fərdi sürücü, aşpaz, mühafizəçi, habelə ictimai iaşə sahəsində fəaliyyət göstərən fərdi sahibkarların sosial ayırmaları 10,35 manat təşkil edəcək.

İqtisadçı ekspert Rauf Qarayevin sözlərinə görə, minimum əməkhaqqının artırılması fərdi sahibkarların məcburi sosial sığorta xərclərini artıracaq: “Bu halda 350 manat müəyyən əmsal kimi çıxış edir. Fərdi sahibkar nə qədər qazansa da, məhz bu məbləğin müəyyən faizinə uyğun ödəniş edir”.

“Biz Dövlət Sosial Müdafiə Fonduna ayırmaların məbləğinin müəyyən edilməsində differensiallaşdırılmış yanaşma tətbiq etməliyik. Belə çıxır ki, kimsə çox alır, kiminsə gəliri qat-qat çoxdur, ödəmələri isə eynidir. Məsələn, VÖEN-də işləyən və az pul alan insanlar gəliri daha çox olanlarla bərabər ödəmələr edirlər. Artıq bununla bağlı Vergilər Nazirliyinə müraciət etmişəm, amma hələlik bir reaksiya yoxdur”, - deyə ekspert bildirib.

Minimum əməkhaqqının artırılmasının digər nəticəsi büdcə işçilərinin maaşlarının artırılmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum əməkhaqqının və vahid tarif cədvəlinə uyğun maaşların artırılması 700 min nəfəri əhatə edəcək.

Müəllif: Emma Rzayeva