Yay aylarında hansı nevroloji xəstəliklər ortaya çıxır?
Artıq yay fəslinin, demək olar ki, ən isti dövrünə qədəm qoymuşuq. İnsanlarda mövsümi xəstəliklərlə yanaşı bir sıra nevroloji ağrılar da meydana çıxır. Həkim-nevropotoloq Qalib Əsədov AYNA-ya müsahibəsində yay aylarında vüsət alan nevroloji xəstəliklərdən danışıb. Həmçinin həmin xəstəliklərdən qorunmaq üçün məsləhətlər verib.
- Doktor, yay aylarında insanlar daha çox hansı nevroloji problemlərlə qarşılaşırlar?
- Yay fəsli istirahət mövsümü olduğundan bu aylarda əsəbi gərginliklə bağlı olan xəstəliklərin, xalq arasında nevrozlar, nevrasteniya, həyəcan-təşviş pozuntularının xeyli azalması müşahidə olunur. Əgər insanlar bu aylarda istirahətlərini düzgün təşkil etsələr, hətta mən deyərdim ki, bütün il boyu özlərini gümrah, sağlam hiss edəcəklər. Yayda insanlar daha çox onurğa, əzələ və sinir ağrılarına görə həkimə müraciət edirlər.
- Bəs bu ağrıların yaranma səbəbləri nədir?
- Yay aylarının spesifik xəstəlikləri bağ-bağatlarda gərgin işlə əlaqədar dayaq hərəkət sistemində yaranan ağrılardır. Həmçinin kondisionerdən düzgün istifadə edilməməsi sinir, onurğa, əzələ ağrılarına səbəb olur. Buna görə də insanların əksəriyyəti boyunda, beldə, kürək nahiyəsində yaranmış ağrılardan şikayət edir. Nədənsə, kondisionerdən düzgün istifadə etmirik, ən aşağı dərəcəyə qoyub, külək rejimini artırırıq. Tərləyəndən sonra isə kondisionerin qarşısında dayanmaq, yatmaq xüsusilə ciddi fəsadlara səbəb ola bilər.
- Həmin problemlərdən uzaq olmaq üçün nə kimi məsləhətlər görərdiniz?
- Tövsiyyə edərdim ki, kondisionerin dərəcəsini 22-23-də saxlasınlar. Mümkün qədər külək rejimini az tempdə (ekonom rejim) istifadə etsinlər. Mütləq “skvoznyak”dan özlərini qorusunlar. Toy mövsümü başlayıb. Toyda rəqs edib tərləyəndən sonra kondisionerin altında durmaq, el diliylə desək, insanın evini yıxır. Yayda insana soyuq olmaq ehtimalı daha çoxdur. Çünki biz qışda özümüzü qoruyuruq, isti geyinərək sığortlanırıq. Yayda isə hava isti olduğu üçün mümkün qədər soyuq yerlərə qaçırıq, buzlu sulardan istifadə edirik deyə, soyuqlamaq ehtimalı daha çoxalır.
Ağır işlə məşğul olarkən diqqətli olmaq lazımdır. Çünki il boyu fiziki işlə məşğul olamayanda, birdən-birə ağır iş görmək, xalça-palaz yuyarkən və ya ev təmizləyərkən ağır yük qaldırmaq və s. insanın onurğa sistemində arzuolunmaz fəsadların yaranmasına səbəb olur. Nə qədər imkan varsa, istirahərə zaman ayırsınlar. Məzuniyyət götürüb dəniz kənarında daha çox vaxt keçirsinlər. Dəniz vannaları, ümumiyyətlə su vannaları, günəş vannaları orqanizm üçün çox faydalıdır. Bu imkandan maksimum dərəcədə yararlanmağa çalışmaq lazımdır.
- Yay fəsli, yəni havaların həddindən artıq isti keçməsi insanlarda sevgi hissini azaldırmı?
- Sevgi hissi varsa, yayın, qışın, boranın, tufanın, istinin bu hissə mənfi təsiri ola bilməz. İnsan sevirsə, bütün fəsillərdə, istənilən hava şəraitində sevəcək və buna hava dəyişikliyi mane ola bilməz. Əksinə, yayda istirahət üçün daha çox zamanın olması, cütlüklərin birlikdə daha çox vaxt keçirməsi sevgi hissinin artmasına səbəb olur. Cütlüklər birlikdə səyahətə gedirlər, gəzintiyə çıxırlar, təbiət qoynunda olurlar və bu da sevgiyə müsbət təsir edir. Ümumiyyətlə, günəş sevgi hissini artıran amildir.