“Yaxşı ki, hər kəsə gündə bir dəfə parklarda idman etməyə icazə verildi”

İdman

31.07.2021 - 22:20

Hafiz Baxşəliyev: “Yenidən qapanma olacaqsa, bu, ciddi psixoloji problemlər yaradacaq”

 

Dünyada yeni koronavirus (COVID-19) dalğası başlayıb. Artıq ikinci ildir davam edən pandemiya dövrü bir çox sahələr kimi, idmana da ciddi zərbə vurub. AYNA mövzu ətrafında, uzun illərdir İngiltərədə yaşayan həmyerlimiz, idman ustası Hafiz Baxşəliyev ilə həmsöhbət olub.

- Hafiz bəy, pandemiya dövrü dünya idmanına ciddi təsir edib. 2021-ci ildə İngiltərədə idmanda vəziyyət necədir?

 

- Bütün dünyada olduğu kimi, İngiltərədə də vəziyyət heç də ürəkaçan deyil. 2020-ci ildə İngiltərədə bir çox beynəlxalq və lokal idman yarışları məcburi təxirə salındı. Bu da peşəkar idmançıların karyeralarına ciddi təsir etdi. Təəssüflər olsun ki, bu problem bu gün də qalmaqdadır.

 

- Pandemiya dövrü, uzun müddət məşq etməmək, evlərə qapanmalar idmançıların formalarına necə təsir edib?

 

- Qapanmanın yumşalmasından sonra böyük idman təşkilatları tamaşaçılarsız yarışlar keçirməyə başladı. Bu qaydalar idmançılar üçün alışılmamış hal olsa da, artıq hər kəs bunu normal qəbul edir. Amma ilk günlər çox çətin idi. Xüsusilə idmançılara psixoloji təsir edirdi. Pandemiyanın ilk aylarında qapanma vaxtı İngiltərədə idman zalları bağlansa da, müsbət hallardan biri o oldu ki, dövlət hər kəsə gündə bir dəfə parklarda idman etməyə icazə verdi. Bu da aktiv idmançıların tam formadan düşməməsi üçün müəyyən qədər kömək oldu. Heç olmasa idmançılar fiziki formalarını itirmirdilər. Əks halda, həqiqətən çətin vəziyyət yarana bilərdi.

 

- Son bir ildə yarışların təşkilində dəyişiklik varmı? Hazırda İngiltərədə idmana maraq nə qədərdir?

 

- Pandemiyanın ikinci dalğasından sonra sentyabr ayı təknövçülük idman zalları altı nəfərlik qruplarla məşqlərə başladı. 17 may tarixindən sonra Britaniyada bütün zallar tamamən normal fəaliyyətə başlayıb. Nisbətən ötən illərin ab-havası geri qayıdır. Ümid edək ki, növbəti dəfə qapanma olmayacaq. Əks halda idmançılara psixoloji təsir edə bilər.

 

- Yarış təşkil edilməsi mümkündür?

 

- 2018-ci ildən mən də Londonda idman yarışları təşkil etməyə başlamışam. Fəxrlə deyə bilərəm ki, bu ölkədə mötbər yarış keçirənlər sırasında ilklərdənəm. Təəssüflər olsun ki, 2020-ci il mart ayında keçiriləcək tədbirimiz də pandemiya səbəbi ilə 2021-ci il sentyabr ayına keçirildi. Hal-hazırda həmin yarışın mötəbər keçirilməsi üçün var gücümlə çalışıram. Ümid edirəm ki, bu yarış, hətta öncə təşkil etdiyimiz yarışlardan da maraqlı və baxımlı olacaq.

 

- İngiltərədə beynəlxalq yarışlar keçirirsiniz. Azərbaycanlı idmançıların yarışlarda iştirak etməsinə yardımçı olursunuz?

 

- Çalışıram, hər dəfə yarışlarımızda azərbaycanlı idmançılar da iştirak etsin. Hal-hazırda 71 kq çəki dərəcəsində döyüşən idmançımız Elxan Əliyev bizim reytinqdə ilk sıradadır. Növbəti yarışlarımızın birində Elxan Əliyevi kikboks üzrə dünya çempionu titulu üçün dəvət etməyi planlayırıq.

Müəllif: Təranə Xudabaxşiyeva