Super Liqanın sonuna bir tur qalmış çempion müəyyənləşib
İyulun 19-də futbol üzrə Türkiyə çempionatının 33-cü turunun ikinci gün qarşılaşmasında "Başakşəhər" doğma meydanda "Kayserispor"u qəbul edib. AYNA xəbər verir ki, maraqlı keçən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 19-cu dəqiqədə İstanbul klubunun yarımmüdafiəçisi Mahmud Tekdəmir vurub.
Bu qələbə sayəsində xallarının sayını 69-a çatdıran "Başakşəhər" klubu Türkiyə Super Liqasının sonuna bir tur qalmış çempion elan edilib. Superliqanın 2016-2017 və 2018-2019-cu il mövsümlərində ikinci yeri tutan İstanbul təmsilçisi tarixində ilk çempionluğunu qazanıb.
"Başakşəhər" eyni zamanda "Qalatasaray" (22 dəfə), "Fənərbaxça" (19), "Beşiktaş" (15), "Trabzonspor" (6) və "Bursaspor"dan (1) sonra Türkiyədə qızıl medalları qazanan 6-cı klub olub.
"Konyaspor"a 3:4 hesabı ilə uduzan "Trabzonspor" gümüş medal şansını da təhlükəyə atıb. "Sivasspor"la "Beşiktaş" isə öz meydanında qələbə qazanıb. Xüsusən də, "Beşiktaş" İstanbul derbisində "Fənərbaxça"nı 2:0 hesabı ilə məğlub edib. İlk "4-lük"dəki komandalar dəqiqləşsə də, 2-3-cü yerləri kimlərin tutacağı son turda müəyyənləşəcək.
Doğma meydanında "Alanyaspor"a məğlub olan "Ankaragücü" isə Super Liqanı tərk edən ilk klub olub.