Faciələrin, həbslərin, qətliamların vəsfi...

Mədəniyyət

27.11.2022 - 10:26

Sağ olsaydılar, yazdıqlarına görə utanardılarmı?

1920-ci ilin aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucuları (xüsusən də M.Ə.Rəsulzadə) haqqında dövrü mətbuatda ardı-arası kəsilməyən tənqidi (hətta təhqiredici) məqalələr çap olunmağa başladı. Sağlam və obyektiv tənqiddən çox uzaq olan, yalnız Mərkəzin xoşuna gəlmək üçün yazılan bu məqalələr əsasən dövrün gənc şairləri, yazıçıları, ədəbi tənqidçiləri tərəfindən qələmə alınıb.

Həmin məqalələr adətən “Kommunist”, “Ədəbiyyat”, “Bakinski raboçi” qəzetlərində, “İnqilab və mədəniyyət” jurnalında işıq üzü görüb. Onların müəllifləri əsasən Məmməd Arif, Cəfər Xəndan, Mustafa Quliyev, Süleyman Rüstəm, Əli Vəliyev, Ruhulla Axundov və başqaları idi.

Təcüblüsü və təəssüflüsü odur ki, o zaman ədəbi mühitə yeni gəlmiş bu yazarlarımız can-başla “proletariat diktaturasını tərənnüm və təbliğ etdilər”. Cavid əfəndiyə “çürük ünsür” dedilər, Mirzə Cəlili “dili qəliz, savadsız” adlandırdılar, Məhəmməd Əminə “xalq düşməni” damğası vurdular (Hörmətli oxucu, izlə. Yuxarıda adlarını cəkdiyimiz müəlliflərin hər birinin bu mövzuda “Kommunist”, “Ədəbiyyat”, “Bakinski rabiçi” qəzetlərində onlarla məqalələri var. Növbəti  məqalələrdə hər biri haqqında ayrı-ayrılıqda informasiya verəcəyik).

Qarşımda “Şərq qadını” jurnalının 1932-ci ilin aprel ayında işıq üzü görən 7-ci və 8-ci sayları var. Jurnalın 10-11-ci səhifəsində dərc olunan “Məhəmməd Əmin Rəsulzadələr bilsinlər ki...” sərlövhəli məqalənin müəllifi Nağı Səfərovdur. Müəllif məqaləsində M.Ə.Rəsulzadənin və Cümhuriyyət liderlərinin ünvanına dönə-dönə işlətdiyi ən kəskin ifadələrdən, təhqiredici və alçaldıcı sözlərdən sanki ləzət alıb. Onları zibilə, itə bənzətməkdən belə, cəkinməyib.

Məqalənin əvvəlində Şura hökumətinin, Sovet Azərbaycanının şanını-şöhrətini göylərə qaldıran Nağı Səfərov iki-üç cümlədən sonra başlayır Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycan qadınlarının faciəli həyat yaşamasından, təhsilsiz olmasından gileylənməyə: “Müsavat zamanında əməkçi türk qadınlarından bir nəfər də olsun mühəndis, texnik, aqranom və şairənin olduğunu kim iddia edə bilər?”.

Bu suala cavab verməzdən əvvəl qeyd edim ki, məqalə boyu verilən bu suallar bir daha sübut edir ki, Nağı Səfərov həm çox savadsız, bilgisiz “yazar”, həm də cümhuriyyətçilərə nifrət bəsləyən bir “azəri-türkü” olub. Bu nifrət hər cümləsində, sözündə belə, açıq-aydın hiss edilir.

N.Səfərovun bircə savadlı qadın tapmadığı Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zaqafqaziya Olqa mama-ginekologiya İnstitutunu bitirən Xədicə Əlibəyova, Moskvada Tibb Universetinə daxil olan Məriyəm Bayraməlibəyova, Sankt-Peterburuq Ali qadın kurslarının fizika-riyaziyyat fakültəsini bitirmiş Eynulhəyat Usubova, Peterburqda Bestujev adına Ali Pedaqoji kursu bitirmiş Səlimə Yaqubova, Tiflisdə Müqəddəs Nina qız gimnaziyasını bitirmiş Hənifə Məlikova Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif sahələrdə işləyən tanınmış ziyalı qadınlar idi. Bu siyahıya Şəfiqə Əfəndizadəni, Sara Vəzirovanı, Həmidə Məmmədquluzadəni (Cavanşir), Liza Muxtarovanı, Səkinə Axundovanı, Ümgülsüm Sadıqzadəni, Sara Talışinskayanı, Pəri Topçubaşovanı (Məlikova), Şəfiqə Qaspiralını və daha neçə-necə pedaqoq, şair, publisist qadınlarımızı əlavə edə bilərik.

Nağı Səfərov daha sonra yazırdı: “Azərbaycanı əlinə almış parazitlər, Məhəmməd Əmin Rəsulzadələr, Mirzəbalalar və sairə başqa bir yol ilədə gedə bilməzdi. Zəhmətkeş kütləsinin, həqiqi mədəniləşməsi: düşüncəsinin artması, bu parazitlərə bir dəfəlik ölüm quyusu qazdığını Müsavat ağaları daha gözəl düşünürdü. Fəqət Aprel inqilabı bu zir-zibilləri, birdəfəlik zibil yeşiyinə atmaqla onların “mədəniyyətini” polatdan qayrılmış bir qutuya qoyub dərin torpaq altına basdırmaqla, zəhmətkeşləri, formaca milli, mündərəcə cəhətcə sosialist mədəniyyətini mənimsəmək üçün hər növ şərait yaratdı”.

N.Səfərovun fəxrlə qeyd etdiyi şərait, aprel inqilabının (oxu: işğalının) gətirdiyi faciələr, fəlakətlər 70 il ərzində xalqımıza bəlli oldu. Onları sadalamq üçün nə bir məqalə, nə bir kitab bəs edər.

N.Səfərov aprel inqilabının (işğalının) Azərbaycan xalqına bəxş etdiyi naliyyətləri “Rəsulzadələrin şuralar Azərbaycanına qarşı hürmələrinə ən ağır zərbə” adlandıraraq davam edirdi: “Qoy Müsavat ağalar şuralar Azərbaycanına qarşı nə qədər hürürsə-hürsün. Fəqət bizim onlara deyəcəyimiz söz qısa və aydındır: “it hürər, karvan gecər”. Siz hürməyinizdə olun, fəqət Azərbaycan əməkçi kütləsi, Lenin firqəsinin mərkəzi komitəsinin rəhbərliyi altında iti sürətlə sosializm quruluşu tarixində şanlı bir səhifə açacaqdır”.

Zaman kecdi. Azərbaycan xalqının Lenin bayrağı altında nə qədər faciələrə, fəlakətlərə dücar olduğu üzə çıxdı. Azərbaycan xalqının tərəqqisinə qənim kəsilən Mərkəz Şura Azərbaycanı ilk günündən özünün imperiya maraqlarını gizlətmir və bu maraqları həyata keçirmək məqsədilə kütləvi həbslər və qətllər həyata keçirdi.

Təəssüflər ki, bütünlüklə bir ideologiyanın ruporuna çevrilən ədəbi mühitimiz, mətbu aləmimiz bu həbs və qətlləri öz söz dünyaları ilə vəsf etdilər. Bunlar bizə nələri demir? Görəsən Nağı Səfərov bu gün sağ olsaydı, yazdıqları üçün heç utanardımı?!    

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

AYNA üçün

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə