Heydər Əliyevin sevimli mahnısı - <font color=red> Tarixi videonun şərhi</font>

Mədəniyyət

04.05.2020 - 22:15

“Dünya sənin, dünya mənim, dünya heç kimin”...

 

Çoxunuz izləmisiniz bu videonu. Müasir musiqi tariximizin ən möhtəşəm nümunələrindən biri olan “Dünya sənin, dünya mənim, dünya  heç kimin” mahnısının ilkin təqdimatlarındandır bu görüntülər. Məmməd Arazın eyni adlı şeirinə Niyaməddin Musayevin bəstələdiyi mahnı elə Niyaməddin Musayev tərəfindən ifa olunur.

 

Videonun əvvəlində Azərbaycan musiqisinin o dövrü üçün yenilik sayılan bir mənzərə görürük. Kamançanın yanında elektronik gitara, klassik barabanın önündə elektronik baraban var. Əvvəlcə, muğam, ardından da Qərb və Amerika musiqisinin elementləri ilə başlayır mahnı.

 

Tamaşaçı auditoriyasında isə mədəniyyət nəhəngləri yer alır: Həsən Məmmədov, Sara Qədimova, Bəxtiyar Vahabzadə, Paşa Qəlbinur, Flora Kərimova və başqaları.

 

Hamı fikirlidir. SSRİ-nin süqutu, ardından qanlı müharibə, atəşkəs və yenicə müstəqillik əldə etmiş bir respublikanın təlatümləri içində çaş-baş qalmış bir qrup sənət adamı: qayğıları, fikirləri, narahatlıqları, sualları baxışlarından oxunur hamısının. Bu təlaşların arasında “Dünya sənin, dünya mənim, dünya heç kimin” demək, həqiqətən, adamı sarsıtmazmı? Bir az da göynədər, məncə. Necə ki, Flora Kərimovanı göynədir və o, şirin bir təbəssüm içində ağlayır. Göz yaşları qeyri-ixtiyari süzülür yanaqlarından. Cabbarlının “Vəfalı Səriyyə”sini xatırladır bu “Göz yaşı içində gülüş”.

 

Bəxtiyar Vahabzadə isə həmişəki zəhmi və sual dolu nəzərləri ilə baxır sənin, mənim və heç kimin olan dünyaya. Onun da dünya haqqında bir xeyli fikirləri var axı. O da bu dünya barəsində müxtəlif mətləblərdən agahdır və Məmməd Arazın bu şedevrini hamıdan çox, o anlayır. Məsələn, Bəxtiyar Vahabzadə dünya haqqında qəribə bir hikməti çoxdan sezmişdi: “Fırlanır bu dünya insan ölməmiş, dünyadan-dünyaya keçə bilməsin”.

 

Videonun ikinci hissəsində, başqa bir məkanda Məmməd Arazın özünü görürük. Ön sırada oturub. Ağarmış saçları, qırışmış siması, yanaqlarına səpələnmiş barmaqları, sonsuz bir məchula dikilmiş nəzərləri ilə bu məqamda təkcə “Dünya sənin, dünya mənim, dünya heç kimin” demir, həm də bütün varlığı ilə göstərir bu dünyanın sənin, mənim və heç kimin olduğunu. Bu videoda kiçik bir kresloya sığan o sısqa qoca, “Əridib silahları biz marten sobasında, körpü yarada billik yerlə Mars arasında, - müharibə olmasa!” deyən şairdir. O böyüklükdə ruhun və kiçik bir kresloluq bədənin mübarizəsi içində çırpınır şair.

 

Məmməd Arazın məzarı üzərində yazılan sözlərlə tanışsınız? Onun məzar daşının üzərində “Bu daş altda Məmməd Araz yaşayır”, - deyə bir qeyd var. Dünyanın heç kimə qalmadığını işarə etməsinə rəğmən, məhz o böyük ruhuna görə dünya ona belə bir əbədilik bəxş edib. O yaşayır!

 

Zəlimxan Yaqub da oradadır. Sözünün, səsinin, təbinin gur, saçının, bığının qara vaxtında, ömrünün nisbətən cavan çağında və Məmməd Arazın arxasında oturub, baxışlarını isə aşağı dikib. Mən o baxışlardan natamam bir fikir sezdim: “Bu dünya Məmməd Araza qalmasa, mənə ...”

 

Növbəti və xeyli böyük mətləblər Heydər Əliyevin simasındadır. O, çənəsini əlinə yaslayaraq, kövrəlmiş və gözləri dolmuş halda mahnını dinləyir, amma bütün qüvvəsi ilə məğrur durmağa, dözümlü və güclü olmağa çalışır. “Çevrəsindən çıxsa əgər sevda fırfıran, bir ümidin ətəyindən tutub da fırlan” deyəndə ağır-ağır udqunur mərhum Prezident. Baxışlarını kameradan yayındırır, duyğularını cilovlayır və elə bir ümidin ətəyindən tutmuşcasına daha da şux dayanır, daha da qürurla baxır dünyaya.

 

Heydər Əliyevin bu mahnıya heyranlığı o dövrü yaşayan sənət adamlarının dilindən düşmürdü. O, bu mahnıdan sonra həm Məmməd Arazı, həm də Niyaməddin Musayevi xeyli titullarla mükafatlandırmışdı. Ümumiyyətlə, Heydər Əliyevin dərin incəsənət anlayışı, mədəniyyət sevdası, zəngin mütaliəsi, gözəl sənət zövqü vardı.

 

Və bu sevilən şeirin mahnıda eşidilməyən son iki bəndi var. Cəmi üç bəndi nəğməyə çevrilib, lakin şeir özü beş bənddən ibarətdir. Həm sözləri, həm də musiqisi ilə əfsanələşən bu şeirin daha çox həqiqət, daha çox ibrət, daha çox məna ehtiva edən, bir az da sərt şəkildə acı həqiqətləri üzə vuran o iki bəndi ilə bitirmək istəyirəm sözümü:

 

Ayaq saxla, dövrənə bax ötəri belə,

Min illərdir Araz belə, Həkəri belə...

Axşamların, səhərlərin təkəri belə,

Dünya sənin, Dünya mənim, Dünya heç kimin...

 

Gülünclərə gülünc gələn bu ada güldüm,

Yüyəninə hər əl yetən bu ata güldüm,

Mən özümlə oynadığım şahmata güldüm...

Dünya sənin, Dünya mənim, Dünya heç kimin...

Müəllif: Orxan Bahadırsoy