Cavid Qaradan dostları xəbər ala bilmirlər
Qusar rayonu Qalacıq kəndi ərazisindəki 200 hektaradək meşə sahəsi məhv edilir. AYNA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, meşəlik ərazinin yarısı demək olar ki, yandırılıb.
Həmin əraziyə gedən eko-aktivist Cavid Qara canlı yayım edərək məsələni ictimailəşdirməyə çalışıb. Meşənin nəzarətçisi olduğunu deyən şəxs ona ərazini tərk etməsini bildirib. Xəbərdarlığa məhəl qoymayaraq, çəkilişə davam edən aktivist bir müddət sonra naməlum şəxslər tərəfindən saxlanılıb. Dostları “102” xidmətinə zəng etdiklərini və hələ də Caviddən xəbər ala bilmədiklərini deyirlər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat və İnformasiya Xidmətindən AYNA-ya bildirilib ki, məsələ araşdırılır. “Bu barədə məlumat veriləcək”, nazirlikdən qeyd olunub.