Xəyanət və fəlakət: o canavarı siz yaratdınız!

Dünya

08.07.2023 - 10:24

Siz bu qədər riyakar və qorxaq olmasaydınız, mənzərə tamam fərqli olacaqdı

Bu gün, İkinci Dünya müharibəsindən sonra dünyanın ən qanlı, ən dəhşətli müharibəsinin başlamasının beş yüzüncü günüdür. Avropanın tam mərkəzində, bütün sivil dünyanın gözü qarşısında, vəzifəsi beynəlxalq sülh və təhlükəsizliyi qorumaq olan BMT Təhlükəsizlik Şurasının üzv dövləti nüvə silahına malik olmayan dövlətə hücum etdi. Bu, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsaslı şəkildə ziddir. Amma, nədənsə, son il yarımda dünyanı nüvə zərbəsi ilə hədələyən Rusiya hələ də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir.

Hətta 2021-ci ilin dekabrında, Ukraynaya müdaxilə ərəfəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-dan “şələ-şüləsini toplamağı və 1997-ci il sərhədlərinə qayıtmağı” tələb edəndə belə, ABŞ və Alyansın digər üzv ölkələri qabaqlayıcı tədbirlər görmədi. Rusiyaya qarşı tədbirlərin yoxluğu daha çox onun əl-qolunu açıb, Ukraynaya qarşı təcavüzün başlanmasına töhfə verdi.

Ondan əvvəl - 2008 və 2014-cü illərdə Gürcüstana qarşı hərbi təcavüz və Krımın, Donbassın işğalı, Novorossiya layihəsi artıq baş vermişdi. Və bütün bunlar imperiyanın bərpasını özünün müqəddəs hədəfi elan edən bir ölkə ilə əməkdaşlığı və ticarəti davam etdirərək, tam siyasi sinizm və siyasi acizlik nümayiş etdirən dünyanın böyük dövlətlərinin üstüörtülü razılığı ilə baş verdi. Qərb isə bütün bu illər ərzində Rusiyanın ambisiyalarına göz yumdu, eynilə Puşkinin “qızıl balığ”ından olan qoca öz qarısının xəsisliyinin qarşısında dinmədiyi kimi, bu doyumsuz canavarı - Rusiya adlı qaniçəni böyütdü.

Kim bütün bu illər ərzində dəvəquşu kimi başını qumda gizlədib, Rusiyanın inanılmaz imperiya ambisiyalarını maliyyələşdirib? Rusiyanın enerji resursları iynəsinə oturaraq, Kremlin qoşa qartalını, yaxud əjdahasını kim yedizdirib, böyütdü? Nə üçün Avropa liderləri Rusiyanın qlobal iqtisadi əməkdaşlıq və ticarət sisteminə üzv olmasını, beynəlxalq işgüzar münasibətlərə inteqrasiyasını, beynəlxalq hüquq normalarına riayət etməsini və sülhə sadiqliyini şərt kimi qoymadılar? Bəs, bu gün dünyanın nüvə müharibəsi astanasında olmasında, Rusiyanın məqsədyönlü şəkildə gündən-günə, demək olar ki, il yarım ərzində Ukrayna dövlətini və Ukrayna millətini amansızcasına məhv etməsində kim günahkardır?

Qərb bu müharibəni maliyyələşdirib və yeri gəlmişkən, Rusiyaya qarşı tətbiq edilən irimiqyaslı iqtisadi sanksiyalara baxmayaraq, onu maliyyələşdirməkdə davam etmirmi? Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyakın bloger Mixail Nakiyə müsahibəsində dediyi kimi, 2022-ci ildə Ukraynanın işğalından sonra Rusiya 512 ballistik və qanadlı raket istehsal edib ki, bunlarda Amerika və Avropa ölkələrinin (!) elektron sənayesinin elementlərindən istifadə olunub. Doğrudanmı Qərb ölkələrinin Rusiyaya lazımi komponentləri dolayı şəkildə təmin edən şirkətlərinə təsir rıçaqları yoxdur?

Ümumiyyətlə, ikinci səlahiyyət müddəti Krımın Rusiya tərəfindən ilhaqına düşmüş ən qüdrətli ölkənin Prezidenti Barak Obama Ağ Evi tərk etməzdən əvvəl “Atlantic” jurnalına verdiyi müsahibədə necə ucadan etiraf edə bilərdi: “Sən nə edə bilərsən? Rusların Ukraynanı bizim qorumaq istəyimizdən daha çox zorlamaq istəyir var?”.

Elə Obamanın iyunun 23-də CNN-ə verdiyi müsahibədə Krımın işğalına ləng müdaxilə etməsini orada yaşayan çoxlu rusdillilərin olması ilə izah edən bəhanələri nə qədər gülünc səsləndi: “Krıma silahlı müdaxilənin olmamasının bir səbəbi var. Çünki Krımda çoxlu rusdilli insanlar var idi və Rusiyanın təmsil etdiyi fikirlərə müəyyən rəğbət var idi”.

Eyni müvəffəqiyyətlə, yəqin ki, Rusiya Brayton-Biçi ilhaq edə bilər və o zaman Obama çiyinlərini çəkməli olacaq.

ABŞ-ın eks-prezidenti hətta Ukraynadakı müharibədə əsas günah paylarından birinə sahib olan Almaniyanın keçmiş kansleri Angela Merkelin müdafiəsinə qalxmağı lazım bildi: “Həm mən, həm də böyük hörmət bəslədiyim Merkel, sanksiyalar tətbiq etmək və Putinin Donbassa və Ukraynanın qalan hissəsinə işğalını davam etdirməsinə mane olmaq üçün o zaman təşviş içində olan bir çox digər avropalıları prosesə cəlb etməli olduq”.

Putinlə, az qala, dodaq-dodağa öpüşərək, tamamilə rus qaz iynəsinə oturan, Rusiya üçün faydalı olan Minsk razılaşmalarını aktiv şəkildə təbliğ edən, Avropa siyasətinin ön cərgəsində dayanan Merkel deyildimi? İndi də o, Minsk razılaşmalarının Kiyev rejiminə “güclənmək” üçün vaxt verdiyini söyləyərək, məsuliyyətdən yayınmağa çalışır.

1991-ci ildə Amerika prezidentlərindən biri Ukraynanı Rusiya qarşısında nüvə silahından imtina etməyə məcbur etmədimi? Söhbət ata Corc Buşdan gedir.

"Kiyevin qollarını buran amerikalılar idi. Üstəlik, çox sərt formada və çox sərt şəkildə - o cümlədən sanksiyalarla, müxtəlif yollarla maliyyə yardımını dayandırmaqla hədələdilər", - deyə 11 fevral 2013-cü il tarixində “RİA Novosti”-yə müsahibə verən “Tsarqrad” eksperti, politoloq Vladimir Kornilov danışmışdı.

“Gəlin açıq danışaq: Kravçukun qolları burulmuşdu. Əvvəla, o an dünyadakı nüfuzu nəzərə alan ata Buş Ukraynanı öz ərazisində mövcud olan bütün silahları təhvil verməyə məcbur etdi", - deyə “Tsarqrad”ın digər həmsöhbəti, MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin bildirmişdi.

Və yalnız ABŞ-ın eks-prezidenti Bill Klinton bu ilin aprelində etiraf etmək qərarına gəldi və İrlandiyanın RTE telekanalına müsahibəsində nüvə silahlarının Ukrayna ərazisindən çıxarılmasına şərait yaratdığından təəssüfləndiyini bildirdi: “Mən hiss edirəm ki, indiki situasiyaya şəxsi mənfi töhfəm olub, çünki mən onları nüvə silahlarından imtina etməyə razılaşmağa məcbur etdim. Onların heç biri inanmır ki, Ukrayna hələ də nüvə silahlarına malik olsaydı, Rusiya belə oyunlara getməyə risk edəcəkdimi”.

Bəs nə oldu? Obamanın dediyi kimi, Ukraynaya müdaxilə və ya nüvə müharibəsi risklərini azalda, sərhədləri qoruya bildinizmi? Amma Klinton etiraf edib ki, Ukrayna ərazi bütövlüyünə zəmanət müqabilində nüvə silahından imtina edib və bu prosesdə iştirak edən ABŞ razılaşmanın şərtlərinin icrasını təmin edə bilməyib.

Buna dəyərdimi? Hər iki tərəfdən yüz minlərlə ölü, o cümlədən dinc sakinlər, uşaqlar, qocalar, Ukraynanın şəhər və kəndlərinin dağıdılması, kommunikasiyalar, ekoloji fəlakət, milyonlarla qaçqın, kimsəsiz uşaqların sınmış taleyi? Bütün bunlara kim cavabdehdir?

Məgər təkcə adamyeyən Putinin özü və onun əlaltıları? Boris Yeltsin – Putinə Rusiyanı miras kimi kim verdi? Tamamilə simasız rus demokratik qüvvələri, yoxsa 23 illik tiranın hökmranlığına dözən, nəticədə liderə sabitlik və ölüm əvəzinə durğunluq təklif edən rus xalqının özü?

Avropanın mərkəzində baş verən qırğına və nüvə müharibəsi təhlükəsinə görə kollektiv Qərb kollektiv məsuliyyət daşımırmı? Bəli, bu gün ABŞ-ın rəhbərlik etdiyi NATO Ukrayna ordusuna və Ukrayna xalqına həm ən müasir silahlarla, həm də maliyyə və humanitar yardımlarla ən qətiyyətli dəstəyi verir. Ancaq yenə də hərbi yardım gecikmə ilə gəlir və hətta bütün lazımi hərbi texnika vaxtında təmin edilmir. Silah istehsal etməyə və ya tərəfdaşlarından almağa, ordunu yenidən yerləşdirməyə və səfərbər etməyə, istehkam xətləri qurmağa, dərin səngərlər qazmağa vaxtı olan Rusiyanın xeyrinə oynayan Qərb həmişə gecikir.

Amma, nəhayət, Qərb liderləri bu qədər qorxaq olmasaydı, hadisələrin belə inkişafının qarşısını almaq olardı. Ancaq Ukrayna, ukraynalılar, Zelenski, nəhayət, hətta Priqojin də onlara böyük bir dərs verdi - qorxaqdan qorxma!

Müəllif: Mira Həsənova