“Ermənistanla Azərbaycan arasında artıq sülh bərqərar olub”
Ermənistan Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri və Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü Sarqis Xandanyan Türkiyə ilə münasibətlərin normallaşmasında yaxın zamanda irəliləyiş əldə olunacağını açıqlayıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, o bu açıqlamanı ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən iclasında verib.
"Bu gün Türkiyədə olarkən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə dair nikbinliyimi ifadə etməmək mümkün deyil", Xandanyan qeyd edib.
Onun sözlərinə görə, "hazırda davam edən konstruktiv və aktiv siyasi dialoq tezliklə münasibətlərimizin institusionallaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcəyinə ümid verir".
Xandanyan həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında artıq sülh bərqərar olub.