Xameneinin bacısı qızı həbs edilib

Dünya

24.11.2022 - 12:41

Fəridə Muradxani prokurorluğa gedərkən tutularaq, həbsxanaya aparılıb

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin hüquq müdafiəçisi olan bacısı qızı, siyasi fəal Fəridə Muradxani həbs edilib. AYNA xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı siyasi fəalın qardaşı Mahmud Muradxaniyə istinadən məlumat yayıb.

Muradxaninin sözlərinə görə, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq, həbsxanaya aparılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi.

2018-ci ilin iyununda da o Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilib.

Müəllif: Ayna.az