Kəşfiyyat zabiti: “Xamenei Moskvaya qaçmağı planlaşdırır, çünki onun üçün başqa yer yoxdur"
İranın Ali Rəhbəri Seyid Əli Xamenei hakimiyyətin ölkədə kəskin iqtisadi böhran fonunda başlayan kütləvi etirazları yatırmaması halında Tehrandan təxliyə planı hazırlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə "The Times" qəzeti adı açıqlanmayan bir ölkənin kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
1979-cu il İslam inqilabından sonra İrandan qaçan keçmiş İsrail kəşfiyyat zabiti Beni Sabtinin sözlərinə görə, Xamenei Moskvaya qaçmağı planlaşdırır, çünki "onun üçün başqa yer yoxdur".
Mənbə bildirib ki, “Ali Rəhbər özü Prezident Vladimir Putinə heyrandır" və İran mədəniyyətinin "Rusiya mədəniyyətinə bənzər" olduğuna inanır.
Kəşfiyyat məlumatlarına görə, 86 yaşlı Xamenei etirazları yatırmaq vəzifəsi daşıyan ordu və təhlükəsizlik qüvvələrinin rəhbərliyin əmrlərinə tabe olmaqdan imtina etsə və ya üsyançıların tərəfinə keçsə, köməkçiləri və ailə üzvləri də daxil olmaqla, yaxın çevrəsindən 20 nəfərlə birlikdə qaçacaq.
Bir kəşfiyyat mənbəyi bildirib ki, "B planı Xamenei və onun yaxın çevrəsi, o cümlədən oğlu və varisi Müctəba üçün nəzərdə tutulub".
"The Times" qəzetinin yazdığına görə, Xameneinin qaçış ssenarisi, Dəməşqdən Moskvaya qaçan və hazırda Rublyovkada həkim işləməyə hazırlaşan müttəfiqi, devrilmiş Suriya Prezidenti Bəşər Əsədin 2024-cü ilin dekabr ayında təxliyəsini əks etdirə bilər.
Mənbənin məlumatına görə, Xameneinin Tehrandan qaçış planı "təhlükəsiz gedişi təmin etmək üçün aktivlər, xaricdəki daşınmaz əmlak və nağd pul toplamağı" əhatə edir. Ayətullah hələ 2013-cü ildə 95 milyard dollar dəyərində geniş aktivlər şəbəkəsinə sahibdir.
İranda son illərdə ən böyük etirazlar 28 dekabrda başlayıb. Nümayişlər tez bir zamanda Tehranın əsas bazarından yayılıb. Burada dükan sahibləri hiperinflyasiya və əsas malların qiymətlərinin artmasına etiraz ediblər.
“İnsan Hüquqları Fəalları”nın verdiyi məlumata görə, etirazlar İranın 31 əyalətindən 26-sında 220-dən çox şəhər və kəndə yayılıb. Bildirilib ki, basqınlar nəticəsində ölənlərin sayı artıq ən azı 20 nəfərə çatıb, həbs olunanların sayı isə 990-ı keçib.