“Xalqın inanmadığı adamlar xalqı virusa inandırmağa çalışırlar”

Cəmiyyət

02.07.2020 - 09:10

Azərbaycan cəmiyyətində total güvənsizlik hökm sürür və proses daha təhlükəli məcraya doğru gedir

 

İnananlarla inanmayanların bu istiqamətdə apardıqları bəhsdən başları açılsaydı, bir az da sağlamlıqlarını qorumaq barədə düşünərdilər. Lakin görünən budur ki, bu bəhs hələ uzun çəkəcək, xəstəliyin səsi-sorağı artıq yaxınlıqlardan eşidilməyə başlasa da, hər cür bəhanə ilə rədd edən insanlar çoxdur.

 

Deyəcəksiniz ki, inanmırlar, inanmasınlar, axı bu, niyə sizi düşündürür? Təəssüf ki, kiminsə virusa inanmaması onun yoluxa bilməyəcəyinə dair əminlik vermir. Bu virus var və o, inanıb-inanmadığımızdan asılı olmayaraq, yoluxucudur. Bu vəziyyətdə isə inanmayan insanların laqeydliyi başqalarının da həyatını təhülkəyə atmış olur.

 

Maskasını çənəsinə taxanlar, xəbərdarlıqlara baxmayaraq, yas yerlərinə gedib öpüşüb-qucaqlaşanlar virusun gizli daşıyıcıları ola bilər və özləri də bundan xəbərsiz başqalarını yoluxdura bilərlər. Məgər onlar bu dediklərimizdən xəbərsizdirlər? Yox, əgər xəbərləri varsa, bəs niyə laqeydlik, inamsızlıq nümayiş etdirirlər? AYNA bütün bu sualları ekspertlərə ünvanlayıb.

Feysbukda canlı yayım açan namizəd kimdir? - Foto

“Milli Hüquq Evi”nin rəhbəri, hüquqşünas Nicat Gözəlov hesab edir ki, əhali arasında virusa inamın azlığına səbəb bu virus haqda danışanlara inamın az olmasındandır: “Virus lokallığını itirdiyi və geniş yayıldığı üçün Operativ Qərargah yaradılıb. Operativ Qərargah, mahiyyətinə görə, virusla mübarizə dövründə bütün məlumatları toplayaraq təhlil etmməli, gəlinən nəticələrə uyğun tapşırıq və göstərişlər verməlidir. Lazım olduğunda isə, Baş Nazir vasitəsilə Milli Məclisə və Prezidentə də müraciətlər edilməlidir. Bəs Operativ Qərargahdakılar kimlərdir? Biri var vəzifəli şəxslər, biri də var onlar üçün rəy hazırlayan, işin gedişatına təsir göstərə biləcək tövsiyələr verən ekspertlər. Yaradılmış ekspert qrupunun içərisində indiyə qədər bir-iki nəfərdən başqasını görən olubmu? Kimdir ekspertlər? Bu ekspertlər nə qədər etimadlı, professional adamlardır? Nəyə əsasən onlar seçilib? Baxın, bunlar insanlarda sual doğurur və elə sual olaraq da qalmaqdadır”.

 

Hüquqşunas Operativ Qərargah tərəfindən qəbul edilən qərarlarda da boşluqlar olduğunu deyir: “Qəbul edilən qərarların özündə də hüquqi tərəfdən boşluqlar var. İstər sərt karantin rejimində əhalinin evə qapadılması, istərsə də SMS-lə evdən çıxmaq, işə gedib-gəlmək məsələsi, mövcud vəziyyətlə bağlı işində fasilə yaranan insanlara edilən maddi yardımlarla bağlı və s. məsələlərdə problemlər yaşandı və yaşanmaqda da davam edir. Təəssüf ki, gedişat onu göstərir ki, verilən qərarlar problemin həllinə yönəlik olmaqdan çox, məruzə xarakteri daşıyır. Bu sənədlər hazırlanarkən hüquq, tibb, iqtisadiyyat sahəsini təmsil edənlər: hüquqşunaslar, iqtisadçılar, psixoloqlar, sosioloqlar olmalı idi. Elə insanlar seçilməli idi ki, həmin insanlara cəmiyyətdə etimad yüksək olsun. Cəmiyyətdə birmənalı qarşılanmayan deputatların, ekspertlərin çıxıb camaatı danlaması yanlış addım idi. Əlbəttə ki, etimadi olmayanların qınağı, danlağı əhali arasında qıcıq oyadacaqdı. Görünən budur ki, Operativ Qərargahın müəyyən məqamlar üçün planları var idi, lakin o planlar artıq bitib və bundan sonrakı dövr üçün təsdiq edilmiş bir plan yoxdur”.

 

Özəl klinikalarda koronavirusla bağlı testlərə toxunan Gözəlovun sözlərinə görə, bu faktın özü inamın zədələnmisində böyük paya sahibdir: “Virusla mübarizədə uğurlu olan ölkələri nümunə götürmək lazımdır. Axı bu camaata 190 manat pul verib, sonra da canını qorxuya salıb 70 manatını testə verdirməklə məsələni həll edə bilmərik. Sonra da məlum olur ki, bu testlərin nəticələrində də yanlışlıqlar olub. Bu halda camaatı inandırmaq çətindir ki, bu virus var və xroniki xəstəliyi olan, immuniteti zəif insanlarda öldürücüdür. Virusla mübarizədə uğurlu olan ölkələrdə dövlət özü insanları test etdirməkdə maraqlıdır. Bizim indiki vəziyyətdə hamımızın borcu vətəndaşımızın sağlamlığını təmin etməkdir”.

 

“Virusun yoxluğuna inanmayanları cərimə etmək kimi yersiz təkliflər əvəzinə, maya dəyəri 4-5 qəpik olan maskaları ya öz qiymətinə, ya da maya qiymətinə vətəndaşlara paylamaq, bundan sonra sosial və fiziki təcrid üzrə sanitar-epidemiya qaydalarını pozanlara cərimələrin tətbiq edilməsini təklif etmək lazım idi. Evə qapadılmadan sonra da yoluxma hallarının artıb. İnsanların evə qapadılması bu problemi həll etməyəcək. İnsanları maarifləndirmək, onlara sosial təcridin mahiyyətini başa salmaq, əks halda dövlətin bununla bacara biləcək gücünün olmayacağını anlatmaq lazımdır”, - müsahibimiz bildirir.

Dilənçilik ənənələşmiş yaşam tərzindən kriminal bəlaya çevrilir

Sosioloq Sahib Altay isə inamsızlığı vətəndaşların bunun düşüncə ilə əlaqələndirir: “Fundamental düşüncə tərzi təqlidçiliyə, analitik düşüncə tərzi isə fərdiyyətçiliyə və şəxsi düşüncəyə söykənir. Bizdə toplum olaraq fundamental düşüncə tərzidir. Buna görə də koronavirusun var olmasını qəbul etmək yox, inanmaq məsələsinə döndü. Amma biz virusun var olduğunu qəbul etməliydik və etməliyik. Problem bizim inanc prizmasından yanaşmamızdadır. Laboratoriya şəraitindən uzaqda bu virusu gözlə görə bilmədiyimizə görə məsələyə inancla yanaşmaq və “inanmıram” demək yanlışdır”.

 

Sosioloq digər bir tərəfdən də hər şeyə inanc prizmasından yanaşan, sözəbaxımlı olan insanlarımızın niyə bu məsələdə deyilənləri eşitməməsinə, əməl etməməsinə toxunur: “Bura İsveç deyil ki, çıxıb insanlara deyəsən ki, evdən çıxmaq olar, amma sosial izolyasiya qaydalarına əməl edin. Onsuz da bizim insanlar qanunları elə də sevmirlər – bu, məlum məsələdir. Bu gün koronavirusla mübarizə aparmağa çalışan dövlətdir. Dövlət və hakimiyyət idarə etdiyi toplumun düşüncə tərzinə də, psixologiyasına da yaxşı bələddir. İndi “Vosmoy” bazarında iki manata qaloş satan adamı maska taxmadığına, sosial izolyasiya qaydalarına əməl etmədiyinə görə qınamaq çox asandır. Bu qınağı da dövlət formalaşdırdı”.

 

“Bəzən deyənlər olur ki, dövlət neyləsin, qarışıq vəziyyətdir. Qarışıq vəziyyət deyil. İnsanlarımızın təfəkkürünə uyğun çıxış eləmək lazım idi. Burada medianın və mövcud vəziyyətlə mübarizə aparan qrumların fəaliyyətindəki qüsurların rolu böyükdür. Koronavirusla mübarizə üçün yaradılmış Operativ Qərargah müxtəlif ixtisaslı peşəkarlarla hesablaşmalı idi. Mövcud vəziyyəti düzgün dəyərləndirmək, uğurlu qərarlar çıxarmaq üçün kompleks iş aparılmalı idi. Peşəkar iqtisadçılar, psixoloq, sosioloqlar bu işə cəlb olunmalı idi. Yoluxma həndəsi silsilə ilə gedir, riyazi hesablamalar aparılmalı, statistikalar çıxarılmalı idi ki, virus hansı ərazilərdə daha çox yayılır, yayılacaq və s. Bizdə isə bu hesablaşma yoxdur. Moizəçilikdəki pərakəndəlik bu gün koronavirusla aparılan mübarizədə də özünü göstərir. Xalqın qarşısına çıxan, qərarları səsləndirən və mövcud vəziyyətdən danışan şəxslər düzgün seçilməli idi. Sözünə etimad edilən şəxslər olmalı idi”, - Altay diqqətə çatdırır.

Azərbaycan cəmiyyəti kütləvi psixozdan əziyyət çəkir” - Psixoloq ...

Psixoloq Taryel Faziloğlu hesab edir ki, Azərbaycan insanında total bir güvənsizlik var: “Azərbaycan insanı hazırda heç kəsə inanmır. Hökumətinə, həkiminə, hakiminə, müəlliminə, hətta özünə də inanmır. Bu total güvənsizlik insanlarda skeptik xarakter formalaşdırır. Bu vəziyyətdə heç bir şeyə güvənmədiyi halda, onun nəyəsə inanması mümkünsüzdür”.

 

Həmsöhbətimiz deyir ki, cəmiyyətimiz virusa inanır və hətta qorxur da, lakin virusa inamsızlıq varmış kimi görünməyinin səbəbi başqadır: “Bizim insanlar qorxudularaq aldadılmamağa qarşı özünümüdafiə mexanizmi kimi müxtəlif formada inanmadığını ifadə etməyə çalışır. İnsanlar ciddi təşviş pozuntusu yaşayırlar, üzlərindən bu görünür. Virus, pandemiya haqda düşünməməyə, bu fikirləri bloklamağa çalışırlar. Hazırda insanlar donma prosesi yaşayırlar. Sadəcə qorxu siyasətinin qarşılığında özünümüdafiə mexanizmi olaraq laqeydlik və inamsızlıq şəklində reaksiya verirlər”.

Müəllif: Aləmdə Nəsib