Bu addım 120 milyon avro cərimədən sonra atılıb
“X” sosial şəbəkəsi Avropa İttifaqı (Aİ) Rəqəmsal Xidmətlər Qanununu pozduğuna görə 120 milyon avro cərimələndikdən sonra Avropa Komissiyasının (AK) reklam hesabını bloklayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə “X”ın məhsul rəhbəri Nikita Bir deyib.
Qeyd edib ki, AK-nın nümayəndələri uzun müddətdir fəaliyyət göstərməyən reklam hesabına daxil olub və platformanın qaydalarını pozan məzmun paylaşıblar.
"Bəyanatınızın ironiyası budur: siz Reklam Kompozitorumuzdakı zəiflikdən istifadə etmək üçün qeyri-aktiv reklam hesabınıza daxil olmusunuz — videonu təqlid edərək və onun əhatə dairəsini süni şəkildə şişirtməklə istifadəçiləri çaşdıran bir link paylaşmısınız. Yəqin ki, bildiyiniz kimi, “X” komandası platformamızda hər kəsin bərabər hüquqlara malik olduğuna inanır. Lakin görünür, siz qaydaların hesabınıza şamil edilməməli olduğuna inanırsınız", - deyə Bir AK-nın bəyanatını şərh edərkən yazıb.
Xatırladaq ki, 5 dekabr tarixində AK “X” sosial media platformasını Aİ Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində şəffaflıq tələblərini pozduğuna görə 120 milyon avro cərimələyib. Komissiya iddia edir ki, "təsdiqlənmiş hesablar üçün mavi işarədən" istifadə istifadəçiləri yanıldır. DSA belə bir yoxlama aparılmadığı təqdirdə onlayn platformaların istifadəçilərin təsdiqləndiyini yalan iddia etməsini qadağan edir.