“Avropanın müharibəyə girməsi üçün hazırlıq gedir, bu, mediada və siyasətçilərin açıqlamalarında baş verir”
“Əminəm ki, Qərb və Avropa Rusiya ilə müharibəyə hazırlaşır və Qərb siyasətçilərinin “Rusiya təhlükəsi” ilə bağlı bütün bəyanatları buna bəraət qazandırır”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının “Good Morning Macarıstan” proqramına müsahibəsində deyib.
Baş nazir qeyd edib ki, iki dünya müharibəsindən əvvəl mediada müharibəyə girmək üçün hazırlıqlar kifayət qədər uzun müddət gedib: “Bu gün də eyni şəkildə davam edir. Məncə, Vaşinqtonda ola biləcək ani qarşıdurmaya bir növ hazırlıq əhval-ruhiyyəsi var. Əminliklə deyə bilərik ki, Avropanın müharibəyə girməsi üçün hazırlıq gedir, bu, mediada və siyasətçilərin açıqlamalarında baş verir”.
Orbanın fikrincə, Rusiyanın NATO ölkələrindən birinə hücum etmə ehtimalı son dərəcə aşağıdır: “Çünki heç bir dövlət NATO ölkəsinə hücum etməyə cəsarət etməz. NATO müdafiə qurumudur və Alyansın hər hansı üzvünün suverenliyini pozan heç bir hərbi əməliyyata dözməyəcək. Ona görə də mən Qərb siyasətçilərinin Rusiyadan gələn təhlükə ilə bağlı bütün bu açıqlamalarını Qərbin manevri və Avropanın Rusiya ilə müharibəyə hazırlaması kimi şərh edirəm”.