Vətəndaşların nəcib əməlləri arzuolunmaz nəticələrə səbəb ola bilər

Cəmiyyət

12.04.2020 - 23:41

Ekspertlər kustar üsulla hazırlanmış tibbi maskalara etibar etməməyə çağırırlar

 

Dünyada və Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirləri davam etdirilir. Bununla yanaşı, ayrı-ayrı insanlar da bu mübarizəyə öz töhfələrini verməyə çalışırlar. Kimisi karantin rejimi səbəbindən evlərindən çıxa bilməyən tənha yaşlı insanlara və əlillərə ərzaq, dərman yardım edir, kimisi infeksiyaya qarşı fondlara vəsait köçürür, kimisi öz təhlükəsizliyi üçün karantin rejiminə əməl etməyi müxtəlif yollarla izah etməyə çalışır.

 

Lakin həmişə nəcib addım başqaları üçün faydalı ola bilməz. Səbəbsiz deyilmir: Cəhənnəmə aparan yol yaxşı niyyətlə salınıb.

 

Və bir nümunə göstərək: 8 aprel 2020-ci il tarixində mediada gedən məlumata görə, Cəlilabad rayonu Alar kəndindəki 2 nömrəli orta məktəbin fizika müəllimləri - Elçin və Ülkər Abbasovlar xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək kampaniyasına qoşulublar. Onlar öz vəsaitləri hesabına maskalar hazırlayıblar və yaşadıqları, işlədikləri kəndlərə paylayıblar. Onlarla şagird də evdə maska ​​hazırlayaraq müəllimlərinə dəstək olub. (Qeyd etmək lazımdır ki, bu cür maskaların digərlərindən üstünlüyü onların yuyulma, ütüləmə və təkrar istifadə edilməsidir)

 

(media.az/society/1067771621/uchitelya-shyut-doma-maski-i-razdayut-ih-besplatno-foto).

 

Məlumat olaraq bildirək ki, tibbi maska istifadəçinin ağzını və burnunu əhatə edən və yoluxucu hissəciklərin digər insanlara ötürülməsinə mane olan birdəfəlik tibbi vasitədir. Maska, həmçinin üzünüzü kənar şəxslərin asqırıqlarından, öskürəklərindən qoruyur.

 

8 nömrəli poliklinikanın baş həkimi Tamilla Kərimova deyir ki, kustar üsulu ilə hazırlanan maskaların tibbi cəhətdən heç bir əhəmiyyəti yoxdur: “Maskalar ümumi qəbul edilmiş tibbi standartlara uyğun hazırlanmalıdır. Tibbi maskaların hazırlanması mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Əks təqdirdə, insanı yoluxmaqdan xilas edə bilməz”.

 

Deyilənlərlə əlaqədar sual yaranır: Abbasovlar maskaları ümumi qəbul edilmiş tibbi standartlara uyğunmu hazırlayıblar?

 

AYNA-nın bu sualını cavablandıran Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Loğman Hüseynov dedi ki, Cəlilabad RİH vətəndaşlara tibbi maskalar verməsi üçün lazım olan hər şeyi edir: “Bir şirkət tərəfindən bizə verilən tibbi maskaların pulsuz paylanmasını həyata keçirdik. Bu maskaların tikilməsi şirkətin özü tərəfindən həyata keçirilib”.

 

"Bəs, şirkət tərəfindən verilən maskalar tibbi standartlara uyğun hazırlanıbmı, yoxlamdan keçirilibmi", - sualına Loğman Hüseynov cavab vermədən dəstəyi asdı.

 

Vəziyyəti AYNA-ya şərh edən Azərbaycan İstehlakçılar Birliyinin rəhbəri Eyub Hüseynovun sözlərinə görə, tibbi maskaların kustar üsulla hazırlanması dayandırılmalıdır: "Heç bir testdən keçmirlər və buna görə bu maskalara hansı bakteriyaların daxil ola biləcəyi məlum deyil. Təəssüf ki, Azərbaycanda belə maskalar, hətta supermarketlərdə də satılır”.

 

Gördüyümüz kimi, ən yaxşı niyyətlə də edilən hərəkətlər də bəzən arzuolunmaz nəticələrə səbəb ola bilər. Şübhə etmirik ki, Abbasovlar ailəsinin yuxarıda göstərilən təşəbbüsü, yalnız nəcib məqsədlər güdürdü. Amma buna baxmayaraq, qanunun tələblərinə və ümumiyyətlə müəyyən edilmiş qaydalara riayət etmək daha məqsədəuyğundur.

Müəllif: Rəşad Rüstəmov