Moskva, Pekin və Tehranın Maduroya verdiyi cavab məlum deyil
Venesuela hakimiyyəti Rusiya, Çin və İrana hərbi radar və qırıcı təyyarələrin təmiri üçün müraciət edib. AYNA.AZ-ın məlumatına görə, “The Washington Post” qəzeti ABŞ hökumətinin sənədlərinə istinadən xəbər verib ki, Karakas həmçinin Rusiya raketlərini də istəyib.
ABŞ kəşfiyyatına görə, Venesuela nəqliyyat naziri Ramon Çelestino Velaskes oktyabrın ortalarında Moskvaya səfər edib və Prezident Nikolas Maduronun Prezident Vladimir Putinə məktubunu çatdırıb.
İddialara görə, Karakas Putindən Rusiyadan alınan qırıcı təyyarələrin təmiri də daxil olmaqla, hava hücumundan müdafiənin gücləndirilməsində kömək istəyib.
“The Washington Post” qəzetinin məlumatına görə, Maduronun məktubunda Rusiya təyyarələrinin Venesuela ordusu üçün mövcud vəziyyətdə ən vacib məsələ olduğu qeyd edilib. İddialara görə, Maduro Çin lideri Si Cinpindən radarların çatdırılmasını sürətləndirməyi istəyib. Eyni zamanda, İrandan kəşfiyyat avadanlığı, GPS maneələri və dronlar tələb edilib.
Moskva, Pekin və Tehranın Maduroya verdiyi cavab məlum deyil. Təchizat tələbi ABŞ-ın Venesuela hökumətinə təzyiqi fonunda edilib.
“The Wall Street Journal” əvvəllər ABŞ ordusunun ölkəyə qarşı zərbələr endirməyi düşündüyünü bildirmişdi. Qəzet yazıb ki, Tramp administrasiyası narkotik qaçaqmalçılığını məhdudlaşdırmağa və Maduroya istefa verməyin vacibliyini bildirməyə hücumu vasitə sayır.