ABŞ Milli Təhlükəsizlik Xidməti: “İranın Suriyadakı konsulluğuna hücumda Vaşinqtonun əli yoxdur”
Vaşinqton İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücumunda “ABŞ izi” iddiasını rədd edib. AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib ki, Vaşinqton bu işə qarışmayıb.
Yüksək səviyyəli rəsmi deyib ki, ABŞ İsrailin hücumunda iştirak etməyib və bu barədə əvvəlcədən məlumatı olmayıb.
O qeyd edib ki, Amerika tərəfi bu barədə birbaşa İran hakimiyyətinə məlumat verib.
ABŞ rəsmisi onu da bildirib ki, İran səfirliyinə hücumdan sonra İsrail, İran və onun müvəkkilləri arasında hərbi əməliyyatların artması ehtimalı böyükdür.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtında İran səfirliyinin yaxınlığındakı binaya zərbələr endirib. Hücum nəticəsində konsulluğun binası dağıdılıb, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinin komandirləri, generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi öldürülüb.