Uşaq bağçalarının işi düyünə düşüb: <font color=red> Tərəddüd, inamsızlıq, suallar</font>

Cəmiyyət

07.04.2021 - 16:06

Həkimlər Klinikalar SEO Xidməti

Birincisi, peyvəndin immunitet formalaşdırması üçün 40-42 gün vaxt lazımdırsa, bağçaların işçi heyəti bu gün peyvənd olunub sabah necə işə çıxa bilər? İkincisi…

 

Məktəblər bağlansa da, bağçalar fəaliyyətini davam etdirir. Doğrudur, ölkədə sərt karantin rejimi elan edilməyib, iş yerləri açıqdır. Belə olduqda isə bağçaların bağlanması işləyən valideynlər üçün çətinlik yaradacaq.

 

Bir tərəfdən də infeksionistlər deyir ki, azyaşlı uşaqlar daşıyıcı olur. Bəzən onlarda hansısa simptomlar özünü göstərməsə də, başqalarını yoluxdura bilirlər. Həmçinin mövsümi qriplər də özünü göstərməyə başlayıb. Belə olduqda isə kimin adi qrip, kimin COVID-19 olmasını ayırd etmək çətinləşir.

 

Valideynlər və tərbiyəçilər çıxış yolunu ümumiyyətlə, qrip əlaməti olan uşaqların bağçaya aparılmamasında görürlər. Bəzi hallarda isə məsuliyyətsizlikdən və ya çarəsizlikdən uşaq qrip ola-ola valideyni bunu gizlətməyə çalışır, uşağı bağçaya aparır. Həkimlərin sözlərinə görə, belə hallarda uşaqlar adi qrip də olsa, digərlərini yoluxdura bilir və immuniteti zəif uşaqlar xəstəliyi ağır keçirirlər.

 

Qeyd edək ki, 5 apreldə bağçaların fəaliyyətini davam etdirib-etdirməməsi ilə bağlı yaranmış anlaşılmazlıqdan sonra Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilmiş açıqlamada bildirilir ki, bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib.

 

Bundan sonra redaksiyamıza valideynlər tərəfindən daxil olan məlumatlara görə, bir sıra bağçalar bağlıdır və valideynlərə deyilib ki, bağçanın bütün heyəti peyvənd olunduqdan sonra fəaliyyətini bərpa edəcək.

 

Sosial mediada gedən müzakirələrdən də məlum olur ki, müəllim və tərbiyəçilər arasında peyvənd etdirməkdən ehtiyat edənlər kifayət qədərdir. “Göz gördüyündən qorxar” deyiblər. Onların sözlərinə görə, peyvənd olunduqdan sonra ağırlaşan, dünyasını dəyişən müəllimlər olub. Elə müəllimlər də bildirirlər ki, peyvənd olunmağın könüllü olduğu deyilsə də, müəyyən qədər bununla bağlı məktəblərdə də təzyiqlər var.

 

Təhsil Nazirliyinin mətbut xidmətinin rəhbəri Cəsarət Valehov ARB24 kanalında “Müəllimlərin peyvənd edilməsi könüllülük əsasında həyata keçirilir, yoxsa məcburidir? Yəni hansısa müəllim peyvənd olunmaqdan imtina edə bilərmi?” sualına cavabda deyib ki, bu, zəruridir: “Bu, ona görə zəruridir ki, biz vaksin olunmadığımız təqdirdə birinci növbədə, özümüz, həmçinin də ətrafımız səhhətində çətinliklərlə qarşılaşa bilərlər. Bu, dünyanın qəbul etdiyi bir həqiqətdir. Vaksin olmadıqca biz bu pandemik şəraitdən qurtula bilməyəcəyik”.

İnfeksionist:

İnfeksionist həkim Vüqar Cavadzadə AYNA-nın peyvəndlənmə ilə bağlı suallarını cavablandırarkən deyib ki, COVID-19-a qarşı peyvənd olunmuş şəxsdə immunitetin formalaşması üçün təqribən 40-42 gün keçməlidir: “COVID-19-a qarşı aparılan vaksinasiyada ilkin dozadan 14 gün sonra antitellər yaranmağa başlayır. Bu proses təqribən 28 günə qədər davam edir. Bundan sonra ikinci dəfə vaksin olunur. Bu zaman antitellərin yaranması prosesi daha da sürətlənir. Nəticədə, birinci vaksin vurulduqdan sonra ikinci də daxil olmaqla, COVID-19-a qarşı immunitet 40-42 gün ərzində formalaşır”.

 

Həkim söyləyib ki, birinci dəfə vaksin olunan şəxslərin virusa yoluxma ehtimalı var, çünki kifayət qədər immunitet yaranmadığı üçün həmin şəxslər ikinci dəfə peyvənd olunurlar: “İkinci dəfə vaksin olunduqdan sonra ən azı 14 gün keçməlidir ki, qanda antitellərin miqdarı çoxalsın, şəxs xəstələnməsin. Ümumiyyətlə, iki dəfə peyvənd olunmuş şəxs gələcəkdə yoluxarsa, xəstəliyi ya yüngül keçirir, ya da xəstələnmir. Buna baxmayaraq, daşıyıcı olub ətrafdakıları yoluxdura bilər”.

 

Belə olduqda isə ictimaiyyəti düşündürən iki məqam var: Əvvəla, peyvəndin immunitet formalaşdırması üçün təxminən 40-42 gün vaxt lazımdırsa, bağçaların işçi heyəti bu gün peyvənd olunub sabah necə işə çıxa bilər? İkincisi, uşaqlar peyvənd olunmur, amma daşıyıcı kimi başqalarını yoluxdura bilirlər. Deməli, indiki halda hansındasa virus varsa, zəncirvari olaraq bir-birinə yoluxdura bilirlər. Bəs çıxış yolu nədir?

 

AYNA olaraq sualları Təhsil Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat xidməti rəhbərlərinə ünvanladıq.

Cəsarət Valehov: “Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada  başlayacağıq”

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, bağçalar peyvəndlənmə prosesinə paralel olaraq fəaliyyətlərini davam etdirir: “Bağçalar Təhsil Nazirliyinin tabeliyində olmasa da, məndə olan məlumatlara görə, peyvəndləmə prosesi ilə paralel bağçalar fəaliyyətini davam etdirir”.

 

Digər suala qaldıqda isə, Nazirliyin sözçüsü qeyd etdi ki, bağçaların səlahiyyəti icra hakimiyyətlərində olduğuna görə cavablandıra bilməyəcək.

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovdan isə suallarımıza qanedici cavab ala bilmədik.

 

Bu əsnada Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov yerli mətbuata açıqlamasında bildirib ki, hazırda Bakı şəhərindəki bütün dövlət uşaq bağçaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun, mövcud vəziyyət nəzərə alınmaqla və müvafiq sanitar-gigiyenik normalara əməl etməklə fəaliyyət göstərir: “Bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə tam təmin edilib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb, burada mütəmadi dezinfeksiya işləri aparılır. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayırlar. Həftəsonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılır”.

 

Bağçaların fəaliyyətini davam etdirib-etdirməməsi ilə bağlı valideynlərin mövqeyinə qaldıqda isə, onlar bu məsələdə vahid fikrə gələ bilmirlər. Kimi təlim-tədrisin əvvəlki qaydada davam etməsini istəyir, kimi də dayandırılmasını. Belə olduqda hər kəs ümidini qərar qəbuletmə səlahiyyəti olanların xalqı düşünərək atacaqları addıma bağlayıb.

 

Xülasə, baş verənlərdən məlum olur ki, bir tərəfdə peyvəndlə bağlı narahatlıq, əminsizlik, digər tərəfdə yoluxma və yoluxdurma təhlükəsi ictimaiyyətdə narahatlıq yaratmaqda davam edir. Belə görünür ki, proseslərin ta əvvəlindən COVID-19 ilə mübarizədə aparılan işlərin fonunda cəmiyyətdə yaradılmış inamsızlıq bu gün əngəl-kələf olub əl-ayağa dolaşır. Hələ də verilən qərarların məntiqi və yetəri qədər izah edilməməsi insanlarda çaşqınlıq yaradır, suallar doğurur. Cavab tapmaq isə müşkül işə çevrilib.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş